Cənub bölgəsində boşanmalar ən aşağı səviyyədədir - Son 5 ilin statistikası

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin birinci yarısında ölkədə qeydə alınan nikahların sayı 24 815, boşanmaların sayı isə 10 350 olub.
Bu da o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hər iki kateqoriya üzrə müsbət nəticə qeydə alınıb. Daha dəqiq desək, nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 2 565 vahid artıb, boşanmaların sayı isə 0,8% və ya 80 vahid azalıb.
Məlumat üçün bildirək ki, son 5 ilin I yarımili üzrə ən çox nikah (28 785) və ən az boşanma sayı (7 531) 2022-ci ildə qeydə alınıb.
Aparılan təhlil zamanı məlum olub ki, cari ilin ilk yarımilində əhalinin 1000 nəfərinə düşən nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4-dən 4,9-a yüksəlib.
Son 5 ilin I yarımili üzrə bu əmsalın ən aşağı göstəricisi 2024, ən yüksək göstəricisi isə 2022-ci ilə aiddir. 2022-ci ilin birinci yarısında ölkədə nikah əmsalı 5,8-ə bərabər olub.
Boşanma əmsalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1-dən 2-yə enib. Son 5 ildə ən aşağı boşanma əmsalı da 2022-ci ildə 1,5 olaraq qeydə alınıb.
Rəsmi rəqəmlər göstərir ki, cari ilin yanvar-iyun aylarında ortalama olaraq hər gün 137 nikah, 57 boşanma hadisəsi qeydə alınıb.
Bölgələr üzrə nikah əmsalına diqqət etsək görərik ki, burada ən yüksək göstərici 7,8-ə bərabər olub və Xocalı rayonunda qeydə alınıb.
Cari ilin ilk 6 ayında Xocalı rayonunda 60 nikah baş tutub. Nikah sayının az olmasına baxmayaraq əmsalın yüksək olmasının səbəbi Xocalı rayonunun əhalisinin az olmasıdır. Bunun səbəbi isə əlbəttə ki, bu rayonun işğaldan azad olunmuş ərazilərimizdən biri olmasıdır. Diqqət yetirsək, növbəti 4 sıranı da işğaldan azad olunmuş rayonlar tutur.
Nikah əmsalına görə sonuncu pillədə Abşeron rayonu yer alıb. 434,6 min əhalisi olan Abşeron rayonunda cari ilin ilk 6 ayında cəmi 561 evlilik qeydə alınıb ki, nəticədə nikah əmsalı 2,6-ya bərabər olub.
Ölkənin əhalisinə görə ən böyük 2-ci və 3-cü şəhərləri olan Sumqayıt və Gəncə də son 10 bölgə arasında yer alıb. 427,8 min əhalisi olan Sumqayıt şəhərində ilk 6 ayda 754 nikah baş tutub ki, nəticədə nikah əmsalı 3,6 olub. Nikah əmsalı 4-ə bərabər olan Gəncə şəhərində isə ilk 6 ayda 650 nikah qeydə alınıb. Son statistikaya əsasən, Gəncə şəhərinin əhalisi 331 min nəfər təşkil edir.
Paytaxtın nikah əmsalı isə bu dövrdə 5-ə bərabər olub. 2,3 milyondan çox əhalisi olan Bakı şəhərində ilk 6 ayda 5 820 nikah baş tutub.
Boşanma əmsalına görə isə ən pis göstərici Naftalan şəhərinə aiddir. 8,6 min əhalisi olan Naftalanda cari ilin ilk 6 ayında 19 boşanma hadisəsi qeydə alınıb. Nəticədə boşanma əmsalı 4,2 olub. Əlavə olaraq qeyd edək ki, Naftalan şəhəri əhali sayına görə bölgələr arasında sondan ikinci pillədə yer alır.
Ən az boşanma əmsalı 0,7 olmaqla Lerikdə qeydə alınıb. 87,1 min əhalisi olan Lerik rayonunda ilk 6 ayda cəmi 30 boşanma hadisəsi qeydə alınıb. Göründüyü kimi, son 3 pillədə cənub bölgəsində yerləşən rayonlar qərarlaşıb. Həmçinin ən kiçik boşanma əmsalı üzrə son 10 bölgə arasında cənub rayonlarından olan Masallı da yer alıb. Cənub bölgələrimizdə boşanma göstəricisinin daha aşağı olması həmin yerlərdə ailə dəyərlərinin daha möhkəm olduğunu sübut edir.
Əlavə olaraq qeyd edək ki, boşanma əmsalı Astara rayonunda 1,6-ya, Lənkəranda isə 1,7-yə bərabər olub.
Paytaxtda isə qeyd olunan dövrdə boşanma əmsalı 2,7 olub. 6 ay ərzində Bakı şəhərində 3168 boşanma hadisəsi qeydə alınıb. Bu isə ortalama olaraq hər gün 17-18 ailənin dağılması deməkdir.