Əfqanıstan silkələndi: 622 nəfər həlak olub

Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
Təhlil.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanlar bazar ertəsi gecə qeydə alınıb, zəlzələ ocağı 8–10 km dərinlikdə yerləşib.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
Yerli hakimiyyət orqanları ölənlərin sayının daha da arta biləcəyini istisna etmir.
Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib ki, genişmiqyaslı xilasetmə əməliyyatı başladılıb: “Yüzlərlə insan səfərbər olunub, lakin zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün itkilərlə bağlı dəqiq məlumat toplamaq vaxt aparacaq”.
Məlumata görə, Cəlalabadda yaşayış binalarının uçması nəticəsində ölənlər arasında uşaqlar da var.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edir.