14 avqust

Tramp və Putin görüş üçün niyə Alyaskanı seçdilər? - ŞƏRH

Avqust ayının 15-ində ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında görüşün keçirilməsi nəzərdə tutulub. Tərəflər Alyaska ştatının Ankoric şəhərində bir sıra məsələləri müzakirə edəcəklər. Bütün dünyanın maraq dairəsində olan bu görüş bir sıra mətləblərə aydınlıq gətirəcək, dünyanın geosiyasi xəritəsinə və hadisələrə təsir edəcək. Ekspertlər görüşün elə də ciddi nəticə verməyəcəyini bildirsələr də, ehtimal etmək olar ki, Tramp-Putin görüşü növbəti mərhələlərin başlanğıcı sayıla bilər.

Nə Ağ Ev, nə də Kreml görüşün gündəliyi barədə dəqiq məlumat verməsə də, iki prezidentin görüşünün əsas hədəfi Ukrayna məsələsi ilə bağlı olacaq. Növbəti dəfə prezident seçiləndən sonra dünyadakı müharibələri sonlandırmağı qarşısına məqsəd qoyan Tramp üçün bu, vacib görüş sayılır. Ehtimal etmək olar ki, müzakirələr Ukraynada atəşkəs və ya sülh üçün format üzərindən aparılacaq. Eyni zamanda, uzun müddətdir gərgin olan Rusiya və ABŞ münasibətlərinin bərpası da əsas gündəm məsələlərindən biridir. Bununla yanaşı, Trampla Putinin Zəngəzur dəhlizi məsələsini də müzakirə edəcəyi istisna edilmir.

Bəs niyə görəsən iki lider görüş üçün məhz Alyaskanı seçib? Bir müddət əvvəl Tramp və Putin görüşü üçün BƏƏ, sonra isə Macarıstan variantları ortaya atılmışdı. Bu vaxta qədər görüş üçün bir çox yer müzakirə edilsə də, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 2023-cü ildə Putin haqqında həbs qərarı çıxarıldığı üçün məkan seçimi azalıb. Əslində BCM-in yurisdiksiyası nə ABŞ, nə də Moskva tərəfindən tanınmır. Amma bir sıra ölkələr Roma konvensiyasına qoşulduqları üçün risk ehtimalı var. Viktor Orban həm Trampla, həm də Putinlə yaxşı münasibətlərə sahib olduğu üçün görüşün Macarıstanda təşkil edilməsi də nəzərdən keçirilib. Kreml məkan kimi BƏƏ-ni təklif etsə də, Tramp Yaxın Şərqə yaz aylarında uzunmüddətli səfər etdiyi üçün bu ideyanı qəbul etməyib.

Nəhayət pərdəarxası danışıqlardan sonra Alyaska görüş məkanı seçilib. Kreml də qeyd edib ki, Rusiya ilə həmsərhəd olan ərazinin seçimi tamamilə məntiqlidir. Yay turizm mövsümünə görə görüşün hərbi bazada keçiriləcəyini güman etmək olar. Putinin köməkçisi Yuri Uşakov da görüş üçün Alyaskanın seçilməsini tam məntiqli hesab edib.

Məsələ orasındadır ki, Rusiyanın Çukotka yarımadası ilə Alyaska arasında məsafə 4 km-dən azdır. Bundan əlavə, Putinin ABŞ-yə səfəri Trampın da Rusiyaya səfər edəcəyi anlamına gəlir. Artıq Ağ Ev prezidentin Moskvaya səfər etməyi planlaşdırdığını açıqlayıb. Müşahidəçilərin fikrincə, Tramp və Putinin bu qərarları onların münasibətlərini Ukrayna məsələsi və Aİ ilə münasibətlərdən üstün tutmaq qərarına gəldiklərini göstərir.

Bunun praktikada nə demək olduğu avqustun 15-dən sonra, tərəflərin müəyyən məsələlərlə bağlı ortaq bəyanata gəlib-gəlməyəcəyindən sonra bilinəcək.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?