11 avqust

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələdir - ŞƏRH

1992-ci ildə ABŞ Konqresi “Freedom Support Act” yəni, “Azadlığı Müdafiə Aktı”nı qəbul etdi. Konqresin qəbul etdiyi bu qanun keçmiş SSRİ respublikalarına demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin erməni lobbisinin təzyiqi və dəstəyi ilə qəbul edilən 907-ci düzəliş sayəsində Azərbaycanın adı siyahıdan çıxarıldı. Bu, rəsmi Vaşinqtonun Bakıya istənilən formada, yəni, iqtisadi, texniki və humanitar sahələrdə birbaşa yardım göstərməsini qadağan edirdi. Eyni zamanda, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində də əməkdaşlığı məhdudlaşdırırdı. Uzun illər Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olub. 2011-ci ildə 11 sentyabr hücumlarından sonra məhdudiyyət qismən yumşaldıldı. Corc Buş, Barak Obama, Donald Tramp və Co Bayden bu maddəni hər il dondursa da, qanun formal olaraq, qüvvədə qalıb. Eyni zamanda, Bayden-Blinken administrasiyası bu düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edib.

Avqust ayının 8-də ABŞ-nin Vaşinqton şəhərində baş tutan tarixi görüşün əsas nəticələrindən biri də bədnam 907-ci düzəlişin ləğv edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton Zirvəsində Tramp tərəfindən bu düzəlişin ləğv edilməsinə nail olub. Bu, Azərbaycanın uğuru, Azərbaycan diplomatiyasının zəfəri, cənab Prezidentin uğurlu xarici siyasət kursununun nəticəsidir.

907-ci düzəlişin ləğvi strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanın 33 ildir üzləşdiyi haqsızlığın sonu kimi də qəbul etmək olar. Qeyd etmək yerinə düşər ki, bu düzəlişin ləğvinin Prezident İlham Əliyevin iştirakı ilə Ağ Evdə baş tutması da böyük bir rəmzi xarakter daşıyır.

Artıq Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə birbaşa əməkdaşlıq, daha geniş və səmərəli müstəvidə münasibətlərin inkişafı reallaşacaq. ABŞ şirkətləri enerji, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə Azərbaycanla əməkdaşlıq edəcək, bu sahələrə sərmayə qoyacaq. Qeyd etmək yerinə düşər ki, müdafiə sahəsində də əməkdaşlıq dərinləşəcək. ABŞ müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə kimi kritik sahələrdə texnologiya və təlimlərini daha açıq şəkildə təqdim edəcək. Bu, Azərbaycan Ordusunun daha da güclənməsi, dünya standartlarına yaxınlaşması, reytinqlərdə irəliləməsi deməkdir. Eyni zamanda bu, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə işarə edir. ABŞ ilə strateji əməkdaşlıq isə Azərbaycanı təkcə Cənubi Qafqazın deyil, eyni zamanda Asiya regionunun əsas güc mərkəzlərindən birinə çevirə bilər.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?