08 avqust

Vaşinqton görüşü: Sərhədlər, Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizi və sülh üçün son düzəlişlər - ŞƏRH

Bu gün ABŞ-nin paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Ağ Evin rəhbəri Donald Tramp arasında görüşlər keçiriləcək. Bu görüş ABŞ prezidenti Trampın dəvəti ilə baş tutur. Artıq görüşün gündəliyi açıqlanıb və məlum olub ki, ikitərəfli görüşlərdən sonra sənədlərin imzalanması mərasimi baş tutacaq.

Artıq bir neçə gündür dünya mətbuatının gündəmi bu görüşə həsr edilib. Müxtəlif şərhlər, rəylər, proqnozlar səsləndirilir. Ümumi olaraq bu görüşü Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün böyük addım saymaq olar. Ehtimal etmək olar ki, Vaşinqton görüşündən sonra tərəflər sülh sazişini paraflayacaqlar. Paralel olaraq isə sərhədlərin delimitasiyası prosesi sürətlənəcək. Bu yeni reallıqda isə ATƏT-in Minsk Qrupu öz əhəmiyyətini tamamilə itirəcək. Bu isə Azərbaycanın haqlı tələblərindən birinin reallaşması deməkdir. Bir sıra ekspertlərin fikrinə görə, bu məsələ ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçiriləcək tonlantısına qədər həll edilə bilər. Bu toplantı cari ilin sonuna planlaşdırılsa da, payız aylarında məsələ Azərbaycan və Ermənistan XİN başçıları tərəfindən reallaşa bilər.

Güman etmək olar ki, payız aylarında Ermənistan parlamenti Azərbaycanın digər tələbini, Konstitusiya dəyişikliyi reallaşdırmaq üçün referendumun keçirilməsi üçün qanuni bazanı hazırlayacaq və yaxın müddət ərzində bu, reallaşacaq. Beləliklə, sülh müqaviləsinin imzalanmasına əngəl olan daha bir problem də həll ediləcək. Bu səbəbdən də mövzunun Vaşinqton görüşündə müzakirəsi mümkündür.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, Ağ Evin açıqlamasından da məlum olur ki, görüş zamanı tərəflərlə iqtisadi əməkdaşlıq məsələsi müzakirə ediləcək və Cənubi Qafqazda yeni reallıqların yaranması ilə nəticələnəcək. Ehtimal etmək olar ki, məsələ kommunikasiya xətlərinin blokdan çıxarılmasından, Azərbaycanın qərb hissəsinin Naxçıvanla fasiləsiz rabitəsinin təmin edilməsindən gedir. Eyni zamanda bu, Zəngəzur dəhlizinin işə düşməsi deməkdir. Təsadüfi deyil ki, bir müddət əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan Sünikə, yəni Zəngəzura səfər edərək, yolların açılmasının Ermənistanın iqtisadi inkişafına ciddi təkan verəcəyini bəyan edib. Xaçaturyanın Sünikə səfərinin Vaşinqton danışıqlarından bir neçə gün əvvəl reallaşdırılması da təsadüfi sayıla bilməz. Artıq erməni hökuməti də dərk edir ki, regionda iqtisadi cəhətdən inkişaf etmək, ölkəni tənəzzüldən qorumağın yeganə yolu nə Fransa, nə də Rusiyadır. Paşinyan komandası artıq dərk edir ki, iqtisadi inkişafın yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, kommunikasiyaları blokdan açmaq və Bakının liderlik etdiyi layihələrə qoşulmaqdır.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?