Vaşinqton görüşü Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vaşinqton şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan və Ağ Evin lideri Donald Trampla görüşünün keçirilməsi həm region, həm də dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Bayden administrasiyasının ermənipərəst mövqeyi səbəbindən Azərbaycan-ABŞ münasibətlərində yaranan soyuqluq Donald Trampın yenidən prezident seçilməsi ilə ortadan qalxıb. Ermənistanı humanitar yardım adı altında silahlandırma, 907-ci düzəlişin bərpası, Qarabağı könüllü tərk edən erməniləri “Dağlıq Qarabağ xalqı” adlandırması kimi hallar Co Baydenin Cənubi Qafqaz reallıqlarını dərk etmədiyini göstərirdi. Amma Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ-Azərbaycan münasibətləri yeni müstəviyə qədəm qoydu. Bunu iki ölkə lideri arasındakı məktublaşma və telefon danışıqlarından da anlamaq olar. Bununla yanaşı, Xankəndidə keçirilən III Qlobal Şuşa Forumunda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin açıqlamaları və jurnalistlərin suallarını cavablandırması bütün dünya tərəfindən maraqla izlənilib. Ölkə başçısının ABŞ ilə bağlı açıqlamasını Ağ Ev lideri Donald Tramp öz sosial şəbəkə səhifəsində paylaşıb. Bu, iki ölkə arasındakı münasibətlərin yeni fazaya qədəm qoyduğunu bir daha sübut edir. Bu səbəbdən də Vaşinqtonda keçiriləcək görüşün Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradacağını əminliklə söyləmək olar.
Trampın dəvəti ilə reallaşacaq görüş zamanı bir sıra sahələr üzrə danışıqların aparılacağını, xüsusən də enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndiriləcəyini gözləmək olar. Azərbaycanın bölgədə sülh təşəbbüsünün aparıcı qüvvəsi olması bu görüşdən sonra rəsmi Bakının dünyada beynəlxalq nüfuzunu gücləndirən amilə çevriləcək. Eyni zamanda Vaşinqtonla strateji dialoqun inkişafı Azərbaycanın regiondakı rolunu, dünyadakı nüfuzunu daha da gücləndirir.
Nikol Paşinyanın da bu görüşə dəvət edilməsi Cənubi Qafqazda geosiyasi reallıqlarının yaranacağına bir işarədir. Bu görüş eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinə doğru çox ciddi addım sayılır. Ehtimal etmək olar ki, görüş zamanı əldə edilən razılıq və imzalanan hansısa sənəd sayəsində Ermənistan nəhayət ki, Azərbaycanın haqlı tələbləri ilə razılaşacaq, bölgənin sabitliyinə və sülhə dəstəyini əsirgəməyəcək. Belə bir vəziyyət isə regionun iqtisadi inkişafı, qonşuluq münasibətlərinin normallaşması, Ermənistanın blokadadan çıxması, nəqliyyat infrastrukturunun işə düşməsi deməkdir.
Paralel olaraq söyləmək lazımdır ki, ABŞ bu görüş vasitəsilə regionda nüfuzunu bərpa etmək, sülhü bərqərar edən ölkə kimi tarixə düşmək, Cənubi Qafqaza qayıtmaq və Rusiyanın təsirini burada minimuma endirmək niyyətini güdür. Elə bu səbəbdən də Vaşinqton-Bakı xəttində güclənən münasibətlərin bölgədə sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini əminliklə ifadə etmək olar.
Hikmət Həsənov