Asılılıq yaratmayan güclü ağrıkəsici kəşf edilib

Kioto Universitetinin yapon alimləri narkotik tərkibli dərmanlara və ya opioidlərə xas olan təhlükəli yan təsirlərə səbəb olmayan güclü yeni nəsil ağrıkəsici yaradıblar. Təhlil.az xəbər verir ki, "ADRIANA” adlanan dərman barədə "Proceedings of the National Academy of Sciences" jurnalında məlumat verilib.
Dərman artıq könüllülər və əməliyyat olunmuş xəstələr üzərində klinik sınaqlardan uğurla keçib. Morfin və digər ənənəvi ağrıkəsicilərdən fərqli olaraq, “ADRIANA” fərqli prinsip üzərində işləyir. Sinir sistemindəki müəyyən strukturlara - adrenergik reseptorlara təsir göstərir. Bu sturkturlar öz növbəsində bədənin adrenalin və norepinefrin kimi maddələrə reaksiyasına cavab verirlər. Yeni dərman α2B adrenergik reseptor alt növünü bloklayır ki, bu da beyində siqnal ötürülməsində iştirak edən maddə olan norepinefrin səviyyəsinin artmasına səbəb olur. Bu, öz növbəsində, ağrı həssaslığını azaltmaqdan məsul olan α2A adrenergik reseptorları aktivləşdirir. Bu mexanizm tənəffüs depressiyası, asılılıq və ya ürək disfunksiyası kimi ciddi yan təsirlər olmadan ağrıları aradan qaldırmağa imkan verir.