06 avqust

Sülhə son addım Vaşinqtonda atılır: İlham Əliyev və Tramp dialoqundan gözləntilər? - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə planlaşdırılan rəsmi səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi diqqət mərkəzindədir. Səfərin bu ölkənin Prezidenti Donald Trampın rəsmi dəvəti ilə reallaşması iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini təsdiqləyən mühüm məqamdır. Səfər çərçivəsində Ermənistanın baş naziri ilə gözlənilən növbəti görüş isə sülh prosesinin irəlilədilməsi baxımından həlledici hesab olunur.

Xatırladaq ki, respublikaçıların liderinin birinci prezidentliyi dövründə, 2016–2020-ci illərdə ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq yönündə inkişaf edib, ciddi etimadsızlıq və gərginlik hiss olunmayıb. Azərbaycan bu ölkə ilə bərabərhüquqlu əlaqələrin inkişafı istiqamətində hər zaman səmimi addımlar atsa da, C. Bayden administrasiyası İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana münasibətdə qərəzli mövqe tutub, Ermənistana tərəfkeşlik edib. Rəsmi Bakı Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları adekvat dəyərləndirə bilməyən, qeyri-konstruktiv mövqe tutan Ağ Evin vasitəçiliyindən haqlı olaraq imtina edib.

Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun Cənubi Qafqaz siyasətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Əvvəlki komandanın regionda sülh və etimad quruculuğuna xələl gətirən, gərginliyi artıran siyasətindən fərqli olaraq, yeni administrasiya regionda sabitliyin və təhlükəsizliyin təminatına yönəlmiş praqmatik mövqe sərgiləyir.

ABŞ-nin hazırkı prezidentinin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə tərəfsiz yanaşan, münaqişə səhifəsinin bağlanmasını, sülhü və əməkdaşlığı təşviq edən bəyanatları rəsmi Bakıda bu ölkəyə qarşı etimadsızlığı aradan qaldırıb. Son aylarda cərəyan edən proseslər yeni administrasiyanın Cənubi Qafqazdakı hadisələrə daha konstruktiv və səmimi yanaşdığını nümayiş etdirir. Lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz rejimin 2023-cü ilin sentyabrında süquta uğradılmasından sonra regionda formalaşan yeni geosiyasi reallıq rəsmi Vaşinqton tərəfindən düzgün dəyərləndirilir. ABŞ Azərbaycanın suveren əraziləri üzərində nəzarətini tam bərpa etməsini regionda sabitliyin əsas təməli kimi tanıyır, dayanıqlı sülhün ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında mümkünlüyünü bəyan edir. Beynəlxalq hüquqa əsaslanan bu diplomatik yanaşma ölkəmizin milli maraqlarına tam uyğundur.

Şübhəsiz, sülh danışıqlarının müsbət nəticələri, ilk növbədə, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri zamanı qazandığı tarixi qələbənin, sülh üçün irəli sürdüyü 5 əsas prinsipin və ikitərəfli danışıqlar formatının nəticəsidir. Birbaşa və vasitəçilərsiz danışıqlar formatı Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına, real problemlərin sivil müzakirə əsasında həllinə imkan yaradıb. Məhz bu danışıqların nəticəsi olaraq bu ilin mart ayında yekun sülh sazişinin bütün 17 maddəsi üzərində tam razılaşma əldə olunub.

Buna baxmayaraq, rəsmi Bakı hesab edir ki, yekun sülh sazişinin imzalanması üçün hələ də açıq qalan məsələlər mövcuddur. Azərbaycan tərəfi dayanıqlı sülh və əməkdaşlıq üçün daha iki mühüm şərt irəli sürüb: Ermənistan Konstitusiyasında ölkəmizə ərazi iddialarına yol açan müddəaların dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun, eləcə də onunla bağlı bütün təsisatların rəsmi şəkildə ləğvi.

Bu tələblər beynəlxalq hüquqa və ədalətə əsaslanır: Ermənistanın hazırkı Konstitusiyası yekun sülh sazişinin mahiyyətinə ziddir. Üstəlik, münaqişə de-fakto artıq mövcud deyilsə, ATƏT-in Minsk Qrupu adlı amorf qurum da siyasi və hüquqi legitimliyini itirib. Bu “strukturun” saxlanılmasına yönəlmiş cəhdlər yalnız keçmiş gərginlikləri süni şəkildə gündəmdə saxlamağa xidmət edir.

Beləliklə, Azərbaycan bu gün sülh danışıqlarının məntiqi sonluğa çatdırılması üçün kənar vasitəçiyə ehtiyac duymur. Tramp administrasiyasının prosesə yanaşması da məhz bu zərurəti nəzərə alaraq, ikitərəfli danışıqlara hörmət üzərində qurulub. ABŞ-ın bu prosesdəki rolu tərəflərin qərarlarını təşviq etmək, sülh atmosferini dəstəkləmək və ona əlavə dəstək verməkdən ibarətdir. Donald Tramp bir müddət əvvəl Ermənistan və Azərbaycanın sülhə çox yaxın olduqlarını bəyan etmiş və ölkəsinin bu prosesi uğurla başa çatdırmaqda maraqlı olduğunu bildirmişdi. ABŞ-da keçirilən görüş bu baxımdan sülh razılaşması üzrə daha prinsipial nəticələrin əldə olunmasına ciddi töhfə verə bilər.

ABŞ-nin Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması ilə bağlı maraqları təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Rəsmi Vaşinqton bölgədə enerji və nəqliyyat dəhlizlərinin davamlı fəaliyyətini prioritet məsələ kimi görür. Müşahidələr göstərir ki, Zəngəzur dəhlizinin açılması və region ölkələrinin yeni beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulması ABŞ-ın maraq dairəsindədir. Bu ölkənin Türkiyədəki səfiri Tom Barrak iki ay öncə bəyan etmişdi ki, ABŞ Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə üzərinə götürməyi təklif edir. Bu təklifin məqsədi tərəflər arasında iqtisadi və diplomatik yaxınlaşmanı təşviq etmək, bölgədəki riskləri minimuma endirməkdir.

ABŞ–Azərbaycan münasibətləri hazırda iqtisadi, siyasi, enerji və strateji təhlükəsizlik istiqamətlərini də əhatə edir. Ölkəmizin regionda reallaşdırdığı layihələr Ağ Evin strateji maraqları ilə üst-üstə düşməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Tramp administrasiyası dövründə bu əməkdaşlığın daha da genişləndirilərək yaşıl enerji, infrastruktur və texnologiya sahələrini əhatə etməsi gündəmdədir.

Prezident İlham Əliyevin ABŞ-yə planlaşdırılan səfəri və əldə olunacaq razılaşmaların, şübhəsiz ki, iki ölkə arasında münasibətləri qlobal strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyi gözlənilir.

MTM Analitik Qrupu 

 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?