Rusiyada biznes sahələri ciddi şəkildə azalır - ARAŞDIRMA

2025-ci ilin birinci yarısında Rusiyada ləğv edilən şirkətlərin sayı yeni qeydiyyatdan keçmiş şirkətlərin sayını xeyli ötüb. Təhlil.az xəbər verir ki, altı ay ərzində ölkədə 141 minə yaxın hüquqi şəxs bağlandığı halda, cəmi 95 minə yaxın hüquqi şəxs açılıb. Bu isə 1,5 dəfə fərq deməkdir. 2022-ci ildən bəri ilk dəfədir ki, bağlanmaların lehinə belə bir üstünlük qeydə alınır.
Ən çox ləğvetmə artan xərclərə və istehlak tələbinin azalmasına xüsusilə həssas olan sektorlarda, yəni ticarət, tikinti və istehsal sahələrində baş verib. Bir sıra regionlarda tikinti şirkətləri arasında iflas dalğası qeydə alınıb.
Avtomobil dilerləri də çətin vəziyyətdə qalıblar: qeyri-sabit təchizat, məhdud çeşid, aşağı tələb və artan idxal xərcləri bu sektorun da ciddi problemlərlə üzləşməsinə səbəb olub. Ekspertlərin fikrincə, Rusiyada hər beşinci avtosalon ilin sonuna qədər bağlana bilər.
Kütləvi ləğvetmələr biznes fəallığını,vergi daxilolmalarının azalmasına, işsizliyin artmasına və investisiya mühitinin pisləşməsinə səbəb ola bilər. Rəqabətin azalması həm də keyfiyyət və innovasiyada durğunluğa səbəb olacaq.
Hikmət Həsənov