Robert Köçəryan Samvel Karapetyanı hədəf göstərir - ŞƏRH

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə çox ciddi hazırlıqlar gedir. Həm iqtidar, həm də müxalifət düşərgəsi bu seçkilərə ölüm-dirim mübarizəsi kimi yanaşır. Son keçirilən sorğular isə göstərir ki, həm Nikol Paşinyanın, həm də hakim “Vətəndaş müqaviləsi” partiyasının reytinqi kifayət qədər aşağıdır. Amma bu reytinqin azalması müxalifətin reytinqinin artması ilə düz mütənasib deyil. Çünki iqtidarın reytinqinin aşağı düşməsi ilə yanaşı, parlament müxalifətinin də reytinqində kəskin eniş müşahidə olunur. Bu gün erməni müxalifətində son dərəcə mənfi tendensiyalar müşahidə olunur. Bu boşluğu doldurmaq isə artıq qeyri-mümkün görünür.
Baş nazir Nikol Paşinyanın bu yaxınlarda Rusiyanın Altay vilayətinə səfərindən sonra səssizliyə çəkilməsi, dərhal məzuniyyətə çıxması müxalif düşərgədə, xüsusən də Rusiyayönümlü Köçəryan cəbhəsində canlanmaya səbəb olub. Ehtimal edilir ki, səfər zamanı Kreml baş nazirə qulaqburma verib. Elə bu yaxınlarda Robert Köçəryanın yenidən özünü ortaya ataraq, bir sıra bəyanatlar səsləndirməsinə də bu prizmadan yanaşmaq lazımdır. Moskvanın Paşinyandan narazı olduğunu, hər hansı bir yolla onu devirmək üçün plan hazırladığını düşünən Köçəryan özünü yada salır, yenidən Kremlin sadiq qulu olacağına işarə edir.
Bu gün Ermənistanın siyasi müxalifət düşərgəsindəki qüvvələr arasında rəqabət mövcuddur. Tərəflər bir-biri ilə birləşib vahid güc olmaq əvəzinə, bir-birini sıradan çıxarmağa daha çox üstünlük verir. Maraqlıdır ki, müxalifət sıralarında Paşinyana xidmət edən, yəni cib müxalifəti rolunu oynayan qüvvələr də var. Elə parçalanmalar da bəzən bu qüvvələr tərəfindən qızışdırılır, baş nazir üçün rəqib sayıla biləcək siyasi partiya və qurumlar zəiflədilir. Köçəryan da siyasi rəqiblərini sıradan çıxarmaq, tək qüvvə olmaq niyyətini son açıqlamaları ilə ortaya qoyub. Eks-prezident müsahibəsində bildirib ki, həm seçkilərə, həm də küçə mübarizəsinə hazırdır. Bu isə deməyə əsas verir ki, əgər Moskvanın Ermənistanda siyasi qarışıqlıq yaratmaq üçün küçə döyüşləri və müəyyən aksiyalar planı olsa, Köçəryan canla-başla buna xidmət edəcək.
Bununla yanaşı, Köçəryan hazırda həbsdə olan iş adamı Samvel Karapetyanı da üstüörtülü şəkildə hədəf kimi göstərməkdən çəkinməyib. O, açıqlamasında Samveli tərifləsə də, əslində hakimiyyətə eşitdirir ki, biznesmen ciddi siyasi və maliyyə gücünə sahibdir və hakim partiya üçün təhdid təşkil edir. Təbii ki, belə bir açıqlama hakim komandanın nəzərindən yayınmır. Çünki eks-prezident bildirib ki, hazırda Ermənistanda müxalifətin iki qütbü var: Köçəryan və Karapetyan. Bu açıqlamadan da anlaşılır ki, erməni müxalifətinin bir hisssəsi artıq Karapetyan cəbhəsində birləşib və seçkilərdə ciddi şəkildə iştirak edəcək. Əgər hakim komanda bu açıqlamanı ciddi qəbul etsə, yaxın günlərdə Karapetyan tərəfdarlarına qarşı yeni həbslər dalğası və cinayət işlərinin açılmasına start veriləcək. Beləliklə, Köçəryan meydanda tək siyasi qüvvə kimi qalmaq planını reallaşdıracaq.
Hikmət Həsənov