Ermənistan-ABŞ təlimləri birbaşa Rusiyaya mesajdır

Ermənistan hökuməti Qərbə yaxınlaşmaq, Rusiya ilə əlaqələri minimuma endirmək üçün yeni bir addım atıb. Məlum olub ki, 12-20 avqust tarixləri arasında Ermənistan ərazisində “Eagle Partner-2025” adlı erməni-amerikan birgə hərbi təlimi keçiriləcək. Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsi adı altında keçirilən bu hərbi təlimlər bir sıra mətləblərdən xəbər verir. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün tədbirlərindən, görüşlərindən yayınan Ermənistan nədənsə Qərbin hərbi təlimlərinə böyük maraq göstərir. Məsələn, bir neçə ildir ki, Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası adı altında Qərbin kəşfiyyatçılarını yerləşdirən Paşinyan hökuməti amerikalı hərbçilərin də regiona ayaq açmasına şərait yaradır.
Rusiya-ABŞ münasibətlərinin hər gün daha da gərginləşdiyi, Cənubi Qafqazda nüfuz savaşına başladığı bir dövrdə bu təlimlərin keçirilməsi əbəs deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, İranın hərbi və nüvə obyektləri də bu yaxınlarda 12 günlük müharibə zamanı ABŞ tərəfindən bombalanıb. İndi isə amerikalı hərbçilər İranla sərhəddə, Ermənistan ərazisində təlimlər keçəcəklər.
Qeyd etmək yerinə düşər ki, ötən il də bu tip təlimlər keçirilib. Artıq bu hərbi təlimlər ənənəvi hal almağa başlayır. Bu da Ermənistanın hərbi strukturlarının Vaşinqtonla bu sahədə əməkdaşlığının sistemli xarakter aldığını göstərir. Ermənistan rəhbərliyi “humanitar” gündəm adı altında təqdim olunan ABŞ qüvvələrinin öz ərazisində yerləşdirilməsini məmnuniyyətlə qəbul edir. Görünən odur ki, “Sülhməramlıların hazırlanması” adı altında ABŞ-nin Cənubi Qafqazda uzunmüddətli mövcudluğu üçün infrastruktur hazırlanır.
Təbii ki, amerikalı hərbçilərin məqsədi heç də təlim deyil. Ermənistan ərazisi İran və Rusiyaya qarşı kəşfiyyat materialları toplamaq üçün əla sayılır. Birincisi, Ermənistanın İranla 44 km uzunluğu olan sərhəd xətti var. İkincisi, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir. Bu yaxınlarda bir sıra mətbuat orqanlarında Moskvanın Gümrüdəki bazanı gücləndirilməsi barədə xəbərlər yayılıb. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüş və şəhər mühitində əməliyyatlar üçün nəzərdə tutulan silahların da çatdırıldığı bildirilir. Moskvanın məqsədlərindən birinin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirmək olduğunu nəzərə alsaq, Kremlin idarə olunan böhran vasitəsilə nəzarəti bərpa etməyə çalışacağını ehtimal etmək olar. Bu isə Ermənistan ərazisində təxribatlar, küçə döyüşləri, terror aktlarını da ehtiva edir.
Erməni-amerikan təlimləri ilə bağlı ötən il yayılan hesabata baxdıqda isə məlum olur ki, yaxın döyüş, küçə və şəhər şəraitində toqquşmaların qarşısının alınması ilə bağlı təlimlər keçirilib. Əgər yuxarıda yazılanı da nəzərə alsaq, çox güman ki, Vaşinqton İrəvanı Moskvanın təhdidlərindən qorumaq üçün işə başlayıb. Ehtimal etmək olar ki, Kreml bu məsələyə biganə qalmayacaq və yaxın vaxtlarda Ermənistanı cəzalandırmaq üçün rıçaqlarından istifadə edəcək.
Hikmət Həsənov