Qələmin gücü ilə yazılan 150 il - ŞƏRH

150 il əvvəl bir qəzet çıxdı və bir xalq danışmağa başladı. “Əkinçi” sadəcə bir mətbu orqan deyildi. O, bir millətin oyanışının, maariflənməsinin, öz kimliyini axtarmasının başlanğıcı idi. Həsən bəy Zərdabinin qələmindən çıxan hər söz, bir xalqın taleyinə işıq tuturdu. O gündən bu günə Azərbaycan mətbuatı hər fəsildə, hər dövrdə yaşadı, zamanla mübarizə apardı, senzura ilə üzləşdi, amma susmadı.
Azərbaycanın müasir mətbuat tarixi isə əsl dönüş nöqtəsini 1993-cü ildə, Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə yaşadı. Ulu Öndər Heydər Əliyev mediaya sadəcə informasiya vasitəsi kimi deyil, cəmiyyətin maarifləndirilməsi və dövlət quruculuğunun mühüm dayağı kimi baxırdı. 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv edilməsi Ümummilli lider Heydər Əliyevin söz və fikir azadlığına verdiyi böyük önəmin simvoluna çevrildi. Ulu Öndərin hakimiyyəti dövründə jurnalistlərin fəaliyyətinə yaradılan şərait, mətbuata dövlət səviyyəsində göstərilən qayğı Azərbaycanda peşəkar medianın formalaşmasında mühüm rol oynadı.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da dərinləşdirilərək davam etdirildi. Dövlət başçısının təşəbbüsü ilə Kütləvi İnfomasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondu və daha sonra Medianın İnkişafı Agentliyi yaradıldı, media qanunvericiliyi təkmilləşdirildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi.
Prezident İlham Əliyev həm də medianın informasiya təhlükəsizliyi və ictimai sabitlik baxımından strateji əhəmiyyətini önə çəkdi. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Dövlət başçısının beynəlxalq mediaya verdiyi müsahibələr, informasiyanın çevik və dəqiq ötürülməsində şəffaflıq və operativliyin nümayişi oldu.
Həm birinci, həm də ikinci Qarabağ müharibəsində mətbuat yalnız xəbərləri çatdırmadı, eyni zamanda informasiya cəbhəsinin ön xəttində vuruşdu. Jurnalistlər təkcə qələm və kamera ilə deyil, fədakarlıqları ilə də fərqləndilər. Bəziləri bu mübarizədə şəhid oldu, bəziləri orden, medal qazandı. Amma hər biri bir tarix yazdı.
Vətən müharibəsi dövründə jurnalistlər cəbhə xəttində təhlükəyə tuş gəlməkdən çəkinmədən, əsl hərbi müxbir fədakarlığı ilə fəaliyyət göstərdilər. Onlar tankların, top atəşlərinin altından keçib kadr çəkdilər, azad olunan ərazilərdən ilk görüntüləri çatdırdılar. Həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq aləm ölkəmizin mövqeyini və haqq işini məhz onların çəkdiyi görüntülər, hazırladığı reportajlar və paylaşılan gerçək məlumatlar vasitəsilə tanıdı. Həmin dövrdə bəzi jurnalistlər yaralandı, bəziləri həyatını itirdi. Lakin onların çəkdikləri kadrlar bu xalqın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri kimi qaldı.
Bu gün Azərbaycan mediası yalnız xəbər istehsalçısı deyil, ictimai rəyin formalaşmasında, milli maraqların müdafiəsində, informasiya təhlükəsizliyində aparıcı rola sahibdir. 150 illik bir tarix, davam edən bir missiya və hələ yazılacaq çoxlu hekayələr var. Bu hekayələrin hər birində bir jurnalist imzası olacaq.
Nailə Məhərrəmova