Ermənistanda müxalifətə qarşı hücumlar: Saqatelyan Moskvaya qaçıb, kilsəyə təzyiqlər artır - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan bütün gücü ilə parlament seçkilərinə hazırlaşır. Bunun üçün isə bütün opponent və rəqiblərini aradan götürmək məqsədilə müxtəlif planlar hazırlanır, icra olunur. Baş nazir yavaş-yavaş hərəkət edərək iş adamı Samvel Karapetyanı həbsə göndərib. Ardınca onun qardaşına qarşı təzyiqlərə başladı, indi əmisi oğlunu sıxışdırır. Nikol özü üçün arzuolunmaz şəxsləri aradan götürür. Çünki anlayır ki, seçkilərdə qalib gəlməsə, bu, komandasına və ona çox baha başa gələcək. Baş nazirin ətrafının təşəbbüsü ilə Ermənistanda Paşinyanın tərəfdarlarının hakimiyyətdə qalmasına mane ola biləcək siyasətçi və iş adamlarına qarşı artıq 150 cinayət işi açılıb.
Paralel olaraq, Eçmiədzinə də savaş açan baş nazir II Qaregini uzaqlaşdırmaq, yerinə öz adamını gətirmək istəyir. Hələlik iki arxiyepiskopun həbsinə nail olan Paşinyan dayanmaq fikrində deyil. Artıq o, bu barədə planlarını hətta hakim komandanın bir çox üzvü ilə də bölüşmür. Onun planları barədə “Vətəndaş müqaviləsi”nin çox az üzvü məlumatlandırılır, digərləri isə plan icra olunanda məsələdən xəbər tutur. Bu da Nikolun komandasına etibar etmədiyini göstərir.
Dünən parlamentdə növbədənkənar sessiya başa çatsa da, Nikol Paşinyanın yaxın gələcəkdə həyata keçirəcəyi konkret planlarının olduğunu bir çoxu anladı. Bu isə o deməkdir ki, hakim partiya fraksiyası üçün tətil başlaya bilməz. Baş nazir ali patriarxın istefasına nail olmalı, Karapetyanın ailəsindən və yaxın adamlarından bir sıra şəxsləri həbsə göndərməli, müxalifət nümayəndələrini bir-bir aradan götürməlidir. Elə bəlkə də bu səbəbdən “Vətəndaş müqaviləsi”nin elitası, yəni nazirlər, deputatlar, qubernatorlar və digər üzvlər şənbə günü Gorusda böyük iclas keçirəcəklər. Bu siyasi toplantıya təbii ki, Nikol Paşinyan rəhbərlik edəcək və müəyyən təlimatlar veriləcək, planlar təqdim ediləcək. Ehtimal etmək olar ki, Gorus iclasından sonra həbslərin və siyasi təqiblərin yeni dalğasına start veriləcək. Maraqlıdır ki, Gorusda qonaqları Armen Xaçatryan qəbul edəcək və artıq otel də sifariş edilib. O, hakim partiya üzvlərini şəxsən özü qarşılayacaq. Bu iclasın həm də əsasən 2026-cı il seçkilərinə aid olacağını ehtimal etmək olar. Çünki sentyabrın 20-də “Vətəndaş müqaviləsi”nin böyük iclası keçiriləcək və həmin iclasa 1000-ə yaxın nümayəndənin qatılması planlaşdırılır. Orada İdarə Heyətinə seçki məsələsi müzakirə olunacaq. Namizədliyi irəli sürülmüş 42 nəfərdən 20-si idarə heyətinə üzv seçiləcək.
Paşinyanın Apostol Kilsəsinə hücumları da diqqətdən kənar qalmayıb. Xüsusən də, Rusiyanın müəyyən siyasi dairələri bu məsələdə canfəşanlıq nümayiş etdirməklə yanaşı, bir sıra politoloq və siyasi şərhçilər də tez-tez məsələni gündəmdə saxlamağa çalışırlar. Böyük Kilikiya evinin katalikosu I Aram hökumətlə kilsə arasındakı münaqişəni nizamlamaq üçün altı illik fasilədən sonra Ermənistana səfər etməyi planlaşdırsa da, son anda bundan vaz keçib. I Aram son həbslər dalğasından sonra anlayıb ki, onu da eyni aqibət gözləyə bilər. Bu səbəbdən də açıqlama verərək baş verənləri ayıblamaqla işini bitmiş sayıb.
“Daşnaksütyun” Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan isə bazar ertəsi gecə saatlarında Moskvaya qaçıb. Ehtimal etmək olar ki, bir neçə gün əvvəl mətbuatda onun da deputat toxunulmazlığının ləğv ediləcəyi barədə tirajlanan xəbərlər siyasətçini bu addımı atmağa vadar edib. O, Moskvada işgüzar səfərdə olduğunu bildirib və Yerevana qayıdacağını qeyd edib. Müxalifətə qarşı Paşinyanın “səlib yürüşü”nün keçirildiyi bir vaxtda İşxanın bu addımı həm qaçış kimi qiymətləndirilir, həm də onun Kremlin müəyyən siyasi dairələri ilə məsləhətləşəcəyi ehtimal edilir.
Saqatelyanın qaçışı gərgin siyasi dövrdə baş verir. Müxalifətçi Baqrat Qalstanyanın “Müqəddəs mübarizə” hərəkatını dəstəkləməkdə ittiham edilə bilər. Baqratın terror maddəsi ilə saxlanıldığını və məsuliyyətə cəlb edildiyini düşünsək, İşxana qarşı da terrora dəstək maddəsi ilə iş açıla bilər. Bundan əlavə, partiyanın ofislərində də axtarışlarla bağlı hüquq-mühafizə orqanlarına göstərişlər verilib. Bir sıra partiya mənsubunun həbsi də istisna edilmir.
Göründüyü kimi, yay ayları Ermənistanda çox isti keçir. Paşinyan siyasi rəqiblərinin hamısını sıradan çıxarmaq üçün bütün yollara baş vurur.
Hikmət Həsənov