Tramp və Netanyahudan gizli Qəzza danışıqları

Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında ikinci görüş baş tutub.
Təhlil.az xəbər verir ki, görüş təxminən bir saat yarım davam edib və Oval kabinetdə, qapalı qapılar arxasında, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iştirakı ilə keçirilib.
İsrail mediasının məlumatına görə, görüşdən sonra Netanyahu bəyanatla çıxış edərək bildirib ki, əsas müzakirə mövzusu HƏMAS tərəfindən girov götürülən israillilərin azad olunması ilə bağlı səylər olub:
“Prezident Tramp və vitse-prezident Vens ilə görüşlərimdə əsas diqqəti girovların azad edilməsinə yönəltdik. Bu səylərimiz bir an belə dayanmır. Təəssüf ki, bu səylər bizə baha başa gəlir ən yaxşı oğullarımızı itiririk. Amma məqsədimiz dəyişməzdir: bütün girovlarımızı, həm sağ, həm də həlak olanları azad etmək, HƏMAS-ın hərbi və inzibati potensialını tamamilə məhv etmək və Qəzzanın artıq İsrail üçün təhlükə olmamasını təmin etmək”.
Netanyahu əlavə edib ki, görüşdə İran üzərində mümkün “böyük qələbə”nin nəticələri və Avraam Sazişlərinin genişlənməsi perspektivləri də müzakirə olunub:
“İran üzərində mümkün qələbəmiz yeni fürsətlər yaradır – sülh dairəsinin genişlənməsi və Avraam Sazişlərinin dərinləşdirilməsi istiqamətində tam gücümüzlə çalışırıq”.
Qeyd edək ki, Netanyahunun ABŞ-a səfəri çərçivəsində Trampla ilk görüşü 7 iyul axşamı baş tutmuşdu. O görüş də təxminən iki saat davam etmiş və Qəzza, İran, Avraam Sazişləri və digər mövzular müzakirə edilmişdi.
İsrail mediası baş nazirin bəyanatına istinadla vurğulayır ki, ikinci görüşün zəruriliyi barədə konkret səbəb açıqlanmayıb.