Paşinyan müxalifətə qarşı “Səlib yürüşü”nə çıxıb - ŞƏRH

Ermənistanda seçkilərə bir ildən az müddət qaldığı bir dövrdə hakimiyyətlə siyasi müxalifət arasında ölüm-dirim savaşı hər gün getdikcə daha da qızışır. Baş nazir Nikol Paşinyanın hərəkətləri isə göstərir ki, deyəsən hakim partiya seçkilərə tək getmək niyyətindədir. Artıq siyasi opponentlərə, rəqiblərə, müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür. Həbs dalğası başlayıb. İlk olaraq, Apostol kilsəsi ilə haqq-hesabı çürütmək istəyən baş nazir iki arxiyepiskopun həbsinə nail olub. Bu həbs dalğasının digərlərinə, hətta II Qareginə də sıçrayacağını ehtimal etmək olar. İlk həbs edilən “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan əslində hakim partiya üçün təhdid sayılırdı. Çünki bir müddət əvvəl küçə yürüşləri ilə heç bir nəticə əldə edə bilməyən keşiş yaxın aylarda da ciddi küçə hərəkatına hazırlaşdığını demişdi. Erməni din xadimi bu işdə hətta qan töküləcəyini, toqquşmaların olacağını da çəkinmədən bildirmişdi. Bu da hakim partiyanı hərəkətə keçməyə, Baqratı dəmir barmaqlıqlar arxasına göndərməyə vadar edib.
Eyni zamanda, Rusiyanın Ermənistandakı rıçaqlarını zəiflətmək üçün “Ermənistan Elektrik Şəbəkəsi”nin, “Taşir” şirkətlər qrupunun rəhbəri, milyarder iş adamı Samvel Karapetyanın da həbsinə bu çərçivədən baxmaq lazımdır. Kilsəyə dəstəyi və Paşinyana qarşı çıxışları, Rusiyanın adamı olması Karapetyana baha başa gəlib. Bununla belə, həbsdə olduğu halda da o, hakimiyyətə qarşı çıxır. Onun tərəfdarları dünən paytaxt İrəvanda müxalifət mediasının yazdığına görə, 50 min nəfərlik etiraz aksiyası keçiriblər. Siyasi müxalifət bu rəqəmlərdən ürəklənərək Karapetyanın ətrafında sıx birləşmək, bütün qüvvələri səfərbər etmək qərarına gəlib. Mitinqdən cəsarətlənən Samvel də həbsxanadan müraciət yayaraq, Paşinyanı istefaya səsləyib. Bu isə onu deməyə əsas verir ki, iş adamının həbsi artıq siyasi çalar alıb və müxalifət onun ətrafında birləşərək növbəti aksiyaya hazırlaşır. Artıq söhbət yüz minləri meydanlara çıxarmaqdan gedir.
Təbii ki, bu proses hakim partiya tərəfindən də izlənilir. Buna görə də artıq bəzi müxalif liderlərin, deputatların həbsinə start verilib. Məsələn, dünən Ermənistan parlamentində müxalifətdən olan deputatlar Seyran Ohanyan, Artsvik Minasyan və Artur Sarkisyana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi müzakirə edilib. Baş prokuror Anna Vardapetyan bu məqsədlə parlamentdə olub. Eyni zamanda Artur Sarkisyanın həbsinə icazə verilməsi də gündəmdədir.
Maraqlıdır ki, Seyran Ohanyana qarşı müdafiə naziri olduğu dövrdə Göyçə gölünün ətrafında qeyri-qanuni mülk tikdirməsi ilə bağlı cinayət işi açılıb. Artsvik Minasyana da bu cinayət işi çərçivəsində ittiham irəli sürüləcək. Maraqlıdır ki, bu gün gölün sahilində 991 mülk var. Onlardan bəziləri isə zəbt edilib tikilən fərdi evlərdir. Bir çoxu da “Vətəndaş müqaviləsi”nin deputatlarına, məsələn, Sasun Mikaelyan, Qaqik Melkonyan, iş adamı Arman Akopcanyan kimi şəxslərə məxsusdur. Amma nədənsə bu şəxslər barədə heç bir qanuni prosedur işə salınmır.
Artsvik Minasyana qarşı irəli sürülən ittihamın gülünc olması isə vaxtla əlaqədardır. Minasyan 2016-cı il 27 sentyabr tarixində nazir təyin olunub. Ona qarşı sürülən ittiham isə 28 sentyabr tarixinə aiddir. Yəni, bir şəxs nazir təyin olunandan 24 saat sonra cinayət törətdiyi iddia edilən şəxslərlə cinayət əlaqəsində olub. Bütün bunlar isə bir daha sübut edir ki, Paşinyan siyasi opponentləri susdurmaq üçün həbs dalğasına start verib.
Hikmət Həsənov