Rusiya Ermənistanda çevrilişin əsas sponsorudur - ŞƏRH

Ermənistanın daxili siyasi mühitində təlatümlər davam edir. Nikol Paşinyan komandası Apostol Kilsəsinə qarşı “səlib yürüşü”nü davam etdirir. Artıq kilsə xadimlərinə təzyiq göstərmək, II Qareginin istefasına nail olmaq üçün hərəkətə keçilib. Hadisələrin gedişatı göstərir ki, hakim partiya seçki ili ərəfəsində siyasi qüvvələrdən tutmuş din xadimlərinə qədər heç kəsə “yumşaq” davranış sərgiləməyəcəyinə qərar verib. Hakimiyyət əleyhinə danışanlar cəzalandırılacaq, hətta həbs də ediləcək. Paşinyan başa düşür ki, Kremlin göstərişi ilə ona qarşı konsensus formalaşır. Məqsəd ölkədə siyasi çevrilişə nail olmaq, Qərbə yaxınlaşan “Vətəndaş müqaviləsi”ni seçkilərdə fiaskoya uğratmaqdır.
Dünən isə məlum olub ki, iyulun 4-də həbsdə olan rusiyalı erməniəsilli iş adamı Samvel Karapetyanın həbsinə etiraz olaraq, yürüş keçiriləcək. Hayk Mamicanyan Ermənistan Respublika Partiyasının yürüşdə iştirak edəcəyini bəyan edib. O, eyni zamanda sadə erməniləri də kilsəni qorumaq üçün bu yürüşə qoşulmağa dəvət edib. Hətta Sasun Mikaelyanın “Gənclər Birliyi” də bu yürüşə qoşulmağa hazırlaşır. Samvel Karapetyan və komandasının hərəkətləri siyasi hadisələrin inkişaf ehtimalından xəbər verir.
Elə baş nazir Nikol Paşinyanın dünən çıxışında mitinqdə iştirak edəcək “Ermənistan Elektrik Şəbəkəsi” işçilərini işdən çıxarmaqla hədələməsi də əbəs deyil. Bu şirkətin həbsdə olan Samvel Karapetyana məxsus olduğu, əslində Kremldən idarə olunduğu sirr deyil. İşin digər maraqlı tərəfi odur ki, hansısa şirkətin əməkdaşını mitinqdə iştiraka görə işdən çıxarmaq, elə Ermənistan Konstitusiyasına ziddir. Eyni zamanda baş nazir bildirir ki, onları mitinqdə iştirak etməyə məcbur edirlər. Yuxarıda sadaladığımız faktları nəzərə alsaq, bu mitinqin birbaşa Moskvanın göstərişi ilə keçiriləcəyini söyləyə bilərik.
Paralel olaraq, Samvel Karapatyenın müdafiə şurası əks bəyanatla çıxış edərək, şirkətin əməkdaşlarını təşvişə düşməməyə çağırıb. Bu da onu deməyə əsas verir ki, müdafiə şurası mitinqə böyük ümid bəsləyir və bu yürüşün ciddi siyasi aksiyaya çevriləcəyinə ümid edir. Eyni zamanda müxalifət qanadının yenidən impiçment məsələsini qabartması da hazırlanmış ümumi bir plandan xəbər verir.
Bu hadisələrin fonunda əminliklə söyləmək olar ki, yaxın günlərdə Paşinyan komandasının göstərişi ilə təhlükəsizlik strukturları yeni reydlərə və həbslərə başlayacaq. Bu dəfə müxtəlif siyasi qüvvələrə və şəxslərə qarşı təzyiqlər artacaq. Hakim komandanın rəqiblərinə, müxalifətə qarşı yeni təqiblər, axtarışlar, həbslər baş tutacaq. Çox güman ki, baş nazir bütün rəqiblərini və siyasi müxalifəti qorxutmaq, Kremlin planının bir parçası olma fikrindən yayındırmaq üçün təzyiq alətindən istifadə etmək qərarına gəlib.
Hikmət Həsənov