ABŞ Ukraynaya silah tədarükünü niyə ləngidir?

Ukrayna Rusiyanın indiyədək həyata keçirdiyi ən genişmiqyaslı pilotsuz təyyarə və raket hücumlarına məruz qaldığı bir vaxtda, ABŞ-nin silah tədarükündə yaranan fasilə Kiyevdə ciddi narahatlıq yaradıb.
Təhlil.az xəbər verir ki, rəsmi Vaşinqton bu məsələ ilə bağlı rəsmi bəyanat verməsə də, Ukraynaya çatdırılması planlaşdırılan silah və hava hücumundan müdafiə sistemləri iyunun 30-dan iyulun 1-nə keçən gecə Avropadakı bazalara daşınıb.
Bu yüklər daha sonra Ukraynaya quru vasitəsilə çatdırılacaq. Lakin Kiyev tərəfi bu gecikmənin təkcə logistik və ya ehtiyatlarla bağlı olmadığını düşünür. Ukraynalı rəsmilər ABŞ-nin bu addımının arxasında siyasi məqsəd dayandığını ehtimal edir. Ehtimal olunur ki, Vaşinqton Kiyevi güzəştlərə sövq etməyə çalışır.
Rəsmi məlumatlara baxmayaraq, Ukrayna tərəfi ehtiyatla yanaşır və Vaşinqtonun bəzi silah növlərinin təchizatını şübhəli şəkildə ləngitdiyini bildirir.