Bu gün

Tramp: “İsrail və İran eyni anda məndən sülh istədi”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran eyni vaxtda ona müraciət edərək münaqişəyə son qoymaq və sülh yaratmaq istəyində olduqlarını bildiriblər.

Təhlil.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb:

“İsrail və İran mənə demək olar ki, eyni anda müraciət edib: “Sülh!” dedilər. Mən də bildim ki, artıq zaman yetişib. Sülh və Yaxın Şərq – əsl QALİBLƏRDİR!”- deyə, ABŞ prezidenti qeyd edib. 

Tramp gələcəkdə hər iki ölkənin “böyük sevgi, sülh və rifah” gözlədiyini qeyd edib: “İsrail və İran düzgün yoldan çəkilməsələr, çox şey qazana bilərlər. Amma əks təqdirdə çox şeyi itirə də bilərlər. Gələcək onlara çox şey vəd edir. Allah onları qorusun!”

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, İsrail və İran atəşkəsə tam razılıq veriblər. Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, 12 saat sonra isə İsrail bu addımı atacaq. Tramp əmindir ki, bu, “12 günlük müharibənin sonu” olacaq.

Ağ evin məlumatına görə, iyunun 23-də ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı atəşkəslə bağlı razılığa gəlib.  İran tərəfi ilə həm birbaşa, həm də dolayı danışıqları ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff aparıb.

İsrail bəyan edib ki, əgər İran yeni zərbələr endirməzsə, atəşkəsə razıdır. Tehran isə buna razı olduğunu bildirib.

Bu addım regionda yeni sülh imkanlarını gündəmə gətirə bilər. Lakin ekspertlər qeyd edirlər ki, həssas geosiyasi vəziyyətin fonunda atəşkəsin davamlı olub-olmayacağı yaxın günlərdə məlum olacaq.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?