21 iyun

İran məsələsi ABŞ siyasətində parçalanma yaradıb - TƏHLİL

İsrail və İran arasında hərbi qarşıdurma davam edir. Bu məsələdə dünya dövlətlərinin yanaşması da fərqlilik nümayiş etdirir. ABŞ hökuməti İsraili dəstəklədiyini desə də, İrana qarşı açıq hərbi müdaxiləyə qoşulmaq məsələsi hələ də Ağ evdə müzakirə edilir. Prezident Donald Tramp bu qərarı 2 həftə ərzində verəcəyini desə də, Amerika siyasətində ciddi parçalanmalar yarandığı müşahidə edilir. Artıq Vaşinqtonda “şahinlər” və “təcridçilər” arasında kəskin mübarizə start götürüb.

Artıq Tramp administrasiyasında qeyri-müəyyən əhval-ruhiyyə hökm sürür. “Şahinlər” qanadı bir tərəfdən İranı bombalamağa start verməyi, Tehrandakı rejimi dəyişdirməyi, qərbyönlü, amerikanpərəst bir şəxsi hakimiyyətə gətirməyi planlaşdırır. Digər tərəfdən, təcridçi praqmatistlər də var ki, onlar əksinə, bu münaqişənin nəzarətsiz eskalasiyaya gətirib çıxaracağından qorxurlar.

Onların fikrinə görə, əgər amerikalılar bu münaqişəyə qoşulsalar, ondan çıxmaq olduqca çətin olacaq ki, bu da ABŞ-nin ən azı Yaxın Şərqdə, ən çox isə dünyanın qalan hissəsində mövqeyini sarsıdacaq. Buna görə də indi Vaşinqtonda “şahinlər”lə “təcridçilər” arasında çox ciddi mübarizə gedir. Amerika siyasətində dərin parçalanma var. Ehtimal etmək olar ki, Trampın iki həftəlik fasilə ilə bağlı son açıqlamaları onun və komandasının eskalasiya risklərinin fərqində olduğunu və bir az vaxt udmağa çalışdığını göstərir. İndi Trampın məqsədi ABŞ-nin danışıqlarda mövqeyini gücləndirməkdir. Onlar bu iki həftə ərzində İranla hansısa razılığa gəlməyə çalışacaqlar və o zaman Tramp özünü vəziyyəti yumşaltmağa nail olmuş “sülhməramlı” elan edə biləcək. Əgər bu baş verməsə, Amerika və İran nümayəndə heyətləri ortaq dil tapa bilməsələr, o zaman İrandakı hədəflərə zərbələr endirilməsi istisna edilmir. Yəni, hücum ehtimalı mütləq mövcuddur.

ABŞ siyasətində yaranan bu parçalanma Donald Tramp hakimiyyəti üçün də təhlükəli hesab edilə bilər. Prezidentliyinin ilk ilində bu tip qarşıdurma ilə qarşılaşmaq Ağ ev rəhbərinə planlarını və strategiyalarını yenidən nəzərdən keçirmək üçün siqnal ola bilər. Ehitmal etmək olar ki, Tramp hazırda İran problemini danışıq yolu ilə həll etmək, regionun digər dövlətlərinin də savaşa qoşulmasının qarşısını almaq üçün diplomatik yollardan istifadə etməyi düşünür. Bununla belə, əvvəldən də məlum olduğu kimi, Donald əvvəlcə danışıq, sonra isə hərbi müdaxilə variantını da istisna etmir. İran İslam Respublikasının isə danışıqlardan boyun qaçırması, onun nəticəsiz olması barədə dəfələrlə açıqlama verməsi də eskalasiya riskini artırır.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?