Azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək yol xəritəsi - TƏHLİL

Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadi sisteminə inteqrasiyası postmünaqişə dövründə ölkəmizin strateji hədəflərindən biri olaraq qalır. Həmin ərazilərdə sürətli inkişafın təmini, müasir və dayanıqlı infrastrukturun qurulması, tarixi-mədəni irsin bərpası, doğma yurdlarına köçürülən insanlar üçün layiqli həyat şəraitinin yaradılması da əsas hədəflər sırasındadır.
Qarabağa Böyük Qayıdış konsepsiyası azad edilmiş ərazilərdə təkcə fiziki infrastrukturun yaradılması deyil, eyni zamanda, sosial-iqtisadi, mədəni həyatın bərpası layihəsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına müntəzəm səfərləri bu baxımdan bir sıra layihələrin icrasına dair qərarların qəbulu, dağıdılmış şəhər və kəndlərin bərpası, yenidənqurma prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədinə xidmət edir. Bu səfərlərin nəticəsi olaraq hazırlanan, icra olunan baş planlar rayon və şəhərlərin, kəndlərin tarixi memarlıq görünüşünün qorunub saxlanılmasına, müasir arxitektura standartlarına uyğun bərpasına imkan yaradır.
Prezident İlham Əliyevin hələ 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi önə çəkilib, aparılacaq quruculuq işlərinin mahiyyəti konkret bəndlər əsasında açıqlanıb. Bununla yanaşı, dövlət başçısının 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı aparılan bərpa və yenidənqurma işlərini sürətləndirib, bir sıra innovativ idarə sistemlərinin reallaşdırılmasını təmin edib. Sərəncam əsasında Vergi Məcəlləsinə edilən bir sıra mühüm dəyişikliklərlə azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün mühüm vergi güzəştləri tətbiq edilib. 2023-cü ildən başlayaraq, həmin ərazilərdə 10 il müddətinə gəlir, əmlak, torpaq, sadələşdirilmiş və digər vergilərdən azadolma mexanizmi tətbiq olunub ki, bu da yerli və xarici investorlar üçün münbit şərait yaradır.
Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” isə bu sahədə fəaliyyətlərin sistemli, planlı və mərhələli reallaşdırılmasına imkan yaradıb. Proqram çərçivəsində son illərdə iqtisadiyyatın dirçəldilməsi, biznes mühitinin yaxşılaşdırılması, investor və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması, xərclərin optimallaşdırılması və digər mühüm tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması haqqında” sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurlu davamına təmin yaradır. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, verilən qərarların əsasında real vəziyyətin təhlili və yerli ehtiyacların nəzərə alınması kimi vacib amillər dayanır. Qeyd olunan sərəncam ölkənin növbəti inkişaf mərhələsinə keçidini təmin edəcək mühüm addım kimi də dəyərləndirilə bilər. Belə ki, hazırlanacaq yeni proqramlar həm ölkənin inkişafın sürətlənməsinə, həm də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına, reinteqrasiyasına hesablanan bir sıra layihə və tədbirləri özündə ehtiva edəcək. Məqsəd son illərdə əldə olunmuş iqtisadi uğurların davamlılığını təmin etməklə bərabər, qarşıda duran yeni çağırışlara və imkanlara hazır olmaqdır.
Sərəncamda göstərilir ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə daha əvvəl qəbul olunmuş 2022–2026-cı illəri əhatə edən İnkişaf Strategiyası uğurla icra edilib. Görülən tədbirlər milli iqtisadiyyatın dayanıqlılığını artırıb, qeyri-neft sektorunun inkişafına yeni təkan verib, əhalinin rifahını yaxşılaşdırıb. Hazırlanacaq yeni strategiya isə bu nailiyyətləri əsas götürərək sürətli inkişafı davam etdirməyi önə çəkir. Eyni zamanda, beynəlxalq geosiyasi vəziyyətin dəyişməsi, rəqəmsal-texnoloji inkişaf, yaşıl enerjiyə keçid və karbonsuzlaşdırma yeni mərhələdə daha çevik və qabaqcıl yanaşmalar tələb edir.
Yeni inkişaf strategiyaslarının hazırlanmasına aidiyyəti dövlət qurumları ilə yanaşı, müstəqil mütəxəssislərin, elm adamlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır. Bu isə sənədin daha mükəmməl və şəffaf müzakirələr nəticəsində ərsəyə gəlməsini təmin edəcək.
Mühüm məqamlardan biri də odur ki, sözügedən sərəncam Azərbaycanı sadəcə iqtisadi deyil, həm də intellektual-texnoloji baxımdan gücləndirməyə yönəlib. Texnologiya əsaslı iqtisadi modelin qurulması, rəqəmsallaşmanın sürətləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, insan kapitalının gücləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Bu, xüsusilə gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin yaradılmasında mühüm rol oynayacaq.
Sərəncamın digər mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə görüləcək işləri əhatə edir. Son illərdə Qarabağ və Şərqi Zəngəzurda birinci Dövlət Proqramı çərçivəsində ciddi işlər görülür – yollar salınır, elektrik və su xətləri çəkilir, yaşayış məntəqələri istifadəyə verilir. Perspektiv üçün isə əsas məqsəd bu işləri sistemli şəkildə davam etdirmək, sürətləndirmək və dayanıqlı məskunlaşmanı təmin etməkdir. Yeni Dövlət Proqramı çərçivəsində daha çox əhalinin qayıdışına şərait yaradılması, iqtisadi fəaliyyətin bərpası və xidmətlərin əlçatan olması zəruridir.
Sərəncamla həyata keçiriləcək layihələr azad edilmiş ərazilərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönələcək. Xarici və yerli sərmayələrin cəlb olunması, yeni texnologiyaların tətbiqi, sahibkarlığın inkişafı bu ərazilərdə iqtisadi artımın davamlılığını təmin edəcək.
Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısının imzaladığı sərəncam həm də milli inkişafın yeni yol xəritəsini formalaşdıracaq. Hazırlanacaq Strategiya və Dövlət Proqramı ölkənin uzunmüddətli hədəflərinə nail olmasında hüquqi və iqtisadi baza rolunu oynayacaq.
MTM Analitik Qrupu