Bu gün

Tarixin bərpa olunan ədaləti: ZƏFƏRİMİZ 5 YAŞINDA - TƏHLİL

Hər bir xalqın tarixində onun kimliyini, varlıq mübarizəsini və milli qürurunu təcəssüm etdirən günlər olur. Azərbaycan xalqı üçün bu günlərdən ən şərəflisi 8 Noyabr — Zəfər Günüdür. Bu tarix yalnız bir hərbi qələbənin deyil, həm də əsrlərlə davam edən ədalətsizliyə son qoyulmasının, torpaqla Vətən arasındakı bağın bərpasının simvoludur. 2020-ci ilin payızında, düz 44 gün ərzində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində misilsiz əməliyyat həyata keçirdi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu hərbi qələbə həm də mənəvi zəfərin təntənəsi idi, çünki bu savaşda təkcə silahlar deyil, ruh və iradə döyüşürdü.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın illərlə davam edən təxribatlarına, işğal siyasətinə və beynəlxalq hüquqa zidd addımlarına verilən tarixi cavab idi. Qısa müddətdə Azərbaycan Ordusu texnoloji, strateji və əməliyyat üstünlüyü ilə düşməni geri çəkilməyə məcbur etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, ardınca isə Şuşa azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması ilə İkinci Qarabağ müharibəsinin taleyi həll olundu və həmin gün tarixə Zəfər Günü kimi düşdü. 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan kapitulyasiya aktına imza atdı. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları da bir güllə belə atılmadan azad edildi. Bu qələbə müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və həm milli ordunun gücünü, həm də xalq-dövlət birliyinin sarsılmazlığını nümayiş etdirdi.

2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri də Vətən müharibəsində qazanılan qələbə qədər əhəmiyyətlidir. Əməliyyatın məqsədi bölgədə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi, qanunsuz hərbi infrastrukturların ləğvi və Azərbaycanın suverenliyinin tam bərpası idi. 24 saatdan az davam edən əməliyyat yüksək dəqiqlik və peşəkarlıqla icra olundu, mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Nəticədə separatçı rejimin hərbi strukturları məhv edildi, uzun illər separatizm ocağı olan torpaqlarda Azərbaycanın konstitusiya quruluşu tam bərpa edildi. Bu əməliyyat göstərdi ki, Azərbaycan artıq öz ərazisində qanunsuz silahlı qüvvələrin mövcudluğuna yol verməyəcək və dövlət suverenliyini tam təmin etmək gücünə malikdir. Beləcə, 2023-cü ilin antiterror əməliyyatı 2020-ci il Zəfərinin məntiqi davamı və tamamlayıcı mərhələsi oldu.

Qələbədən keçən beş il ərzində Azərbaycan təkcə torpaqlarını deyil, regiondakı tarazlığı da bərpa etdi. Bu gün Azərbaycan Cənubi Qafqazın əsas söz sahibidir və hərbi-siyasi gücünü iqtisadi və diplomatik sahələrdə möhkəmləndirib. Qarabağa Böyük Qayıdış başlayıb, azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir, şəhərlər yenidən qurulur, aeroportlar, yollar və enerji infrastrukturu inşa olunur. Qarabağda “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları gerçəkləşdirilir.

Azərbaycan qazandığı parlaq zəfərdən sonra regional güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsləri və postmüharibə diplomatiyası regionda yeni əməkdaşlıq formatlarını formalaşdırıb. Zəngəzur dəhlizi ideyası Cənubi Qafqazın iqtisadi xəritəsini dəyişdirəcək strateji layihə kimi irəliləyir. 44 günlük müharibə Azərbaycanın hərbi sistemində də dönüş yaratdı — komanda-struktur islahatları aparıldı, yerli müdafiə sənayesinin inkişafı sürətləndirildi, PUA və elektron müharibə sahəsində modernləşmə həyata keçirildi, komando qüvvələri yaradıldı. Müntəzəm keçirilən hərbi təlimlər regionda güc balansını Azərbaycanın xeyrinə daha da möhkəmləndirib.

Azərbaycan bu illərdə Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi və enerji təhlükəsizliyi layihələri ilə qlobal səviyyədə ön plana çıxıb. Bakı artıq Qərb və Şərq enerji marşrutlarının kəsişmə nöqtəsinə çevrilib. “Yaşıl enerji” sahəsində Qarabağ modeli beynəlxalq səviyyədə “müharibədən sülhə keçid nümunəsi” kimi təqdim olunur. Ermənistanla intensivləşən sülh danışıqları sülh sazişinin paraflanması ilə nəticələnib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 8 avqust Vaşinqton razılaşması əldə olunub və bu sənəd regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm baza yaradıb. Sənədlə tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyasını sürətləndirmək və sülh sazişinin imzalanmasına çalışmaq barədə razılığa gəliblər. Bu razılaşma həm də Qarabağ sonrası reallıqların beynəlxalq legitimləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və göstərir ki, bölgədə sülhün əsas şərti Ermənistanın Azərbaycanın suveren hüquqlarına hörmətidir.

Beləliklə, Zəfərdən sonra Azərbaycan inkişafın, təhlükəsizliyin və qlobal nüfuzun yeni mərhələsinə qədəm qoyub. Artıq ölkəmiz hərbi-siyasi uğurlarını iqtisadi modernləşmə ilə tamamlayır və regionda sülhün, sabitliyin və tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Bu gün Azərbaycan xalqının milli şüurunun yenidən yüksəldiyi, dövlətin suverenlik iradəsinin möhkəmləndiyi gündür. Bizim parlaq Zəfərimiz təkcə keçmişimizin şanlı səhifəsi deyil, həm də gələcəyimizin yol xəritəsidir. Çünki azadlıq bir dəfə qazanılır, onu qorumaq və əbədiləşdirmək isə bütün nəsillərin müqəddəs borcudur.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?