31 may

Ermənistan hakimiyyəti ilə kilsə arasında yeni “savaş” başlandı: tərəflər biri-birlərinə qarşı kəskin həmlələr edir - ŞƏRH

Son günlərdə Ermənistanda ictimai-siyasi müstəvidə kəskin ziddiyyətlər yaradan məsələlərdən biri də Ermənistan hakimiyyəti ilə kilsə arasında dərinləşən qarşıdurmadır. Əslində, baş nazir Nikol Paşinyan erməni keşişlərlə artıq bir neçə ildir, yola getmir. Düzdür, Paşinyanın hakimiyyətinin ilk günlərində kilsə ona dəstək verməyə hazır olduğunu diqqətə çatdırdı. Amma az sonra Paşinyanın katolikos II Qaregin başda olmaqla erməni keşişlərinin imtiyazlarını, səlahiyyətlərini məhdudlaşdırmaq istiqamətində atdığı addımlar vəziyyəti tamamilə dəyişdirdi. Qarşılıqlı ittihamların artması fonunda kilsə Paşinyana müxalif mövqeyə keçdi, hətta radikal müxalifətlə əməkdaşlığa da başladı. Bunun ardınca erməni apostol kilsəsinin rəhbər orqanı olan Eçmiədzinin 2020-ci ildə baş nazirin istefasını tələb etməsindən sonra münasibətlər daha da pisləşdi.

Ötən ilin aprelində Azərbaycanın Ermənistanla dörd həmsərhəd kəndi üzərində nəzarətini bərpa etməsi, erməni silahlı qüvvələrinin danışıqlar əsasında buradan çıxması Tavuş bölgəsində arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə hakimiyyətə qarşı yeni etirazlara gətirib çıxardı. Radikal müxalifətin yaxından dəstəyi ilə etiraz edənlər İrəvana qədər yürüş edib burada bir neçə aksiya keçirdilər, Paşinyanın istefasını əsas tələb kimi irəli sürdülər. Kilsə tərəfindən də aksiyaya hər cür dəstək ifadə olundu. Ancaq bu aksiyalara erməni cəmiyyətində heç bir maraq və dəstək göstərilmədi və o, qısa müddətdən sonra fiasko ilə yekunlaşdı. Bunlar fonunda hakimiyyətin kilsəyə münasibəti daha mənfi notlar üzərində kökləndi, Paşinyan isə Eçmiədzinin vergiyə cəlb edilməsinin zəruriliyini bəyan etdi. Bununla yanaşı, o, kilsəni başqalarının əlində Ermənistana qarşı “təsir agenti” kimi xarakterizə etdi.

Bütün bunlardan sonra Paşinyanın son hökumət iclasında kilsə ilə bağlı səsləndirdiyi fikirlər münasibətləri bu dəfə daha gərgin mərhələyə keçirdi. Baş nazir həyat yoldaşı ilə birlikdə Sünik bölgəsində Tatev, Vorotnavank və Mehri kilsələrini ziyarət edib. Bunun ardınca Paşinyan hökumətin iclasında kilsədəki vəziyyətin zibilxanaları xatırlatdığını, ən lazımsız əşyaların bu din ocaqlarında saxlanıldığını bildirib. Onun sözlərinə görə, bir sıra kilsələrdən artıq mərmər lövhələr, sement torbaları, armatur qırıqlarını saxlamaq yeri kimi istifadə olunur: “İnsanlar kilsəyə nə üçün gedirlər? Gedirlər ki, ibadət etsinlər. Bu vaxtı kilsəyə daxil olursan, görürsən ki, bir tərəfə zibil səpələnib, haradasa kimsə köhnə, nimdaş paltarını, ayaqqabısını atıb, ya da öz çarpayısını qoyub”. Ermənistanın baş naziri bu fonda kilsələrin vəziyyətini tənqid edərək onları “zibillə dolu şkaflar” adlandırıb. Sünik Yeparxiyasının primatı yepiskop Makar Akopyan baş naziri yalan danışmaqda günahlandırıb. Onun sözlərinə görə, baş nazir bölgədə 4 kilsəyə baş çəkib, onlardan üçü hazırda təmir olunur: “Əgər orada tikinti varsa, təbii ki, sement torbaları və metal konstruksiyalar olacaq”.

Məsələnin daha da gərginləşməsinə səbəb isə müxtəlif siyasi qüvvələrin Paşinyanın kilsə ilə bağlı açıqlamlarını sərt tənqid etməsi olub. Bunun ardınca Paşinyanın “Facebook” səhifəsində kilsənin fəaliyyətini tənqid edən bir neçə status paylaşması alovun üzrərinə benzin tökülməsi effektini yaradıb. Paşinyan və onun həyat yoldaşı Anna Akopyan erməni apostol kilsəsinin nümayəndələrini təkcə sərt şəkildə ittiham etməyiblər, həm də onları təhqiramiz formada tənqid ediblər. Anna Akopyan bir qədər də irəli gedərək, bəzi keşişləri uşaq zorakılığında günahlandırıb. Paşinyanın xanımı ruhanilərə ünvanladığı mürciətdə katolikosu “ölkənin əsas mənəvi mafiyası” adlandırır və soruşur: “İsveçrədə nə işiniz var? Mənəviyyatın nə olduğunu bilirsinizmi? Hər şeydən xəbərimiz var!”. Paşinyan özü isə keşişləri ateizmdə ittiham edir. O, keşişlərə xitabən bildirir: “Nə qədər saxtakarlıq etmək, müqəddəs şeylər haqqında danışmaq və ateist olmaq, müqəddəslikləri tapdalamaq olar?”. Baş nazir keşişləri “qara maskalı” manyaklar kimi də qələmə verib. “Facebook” səhifəsində isə Paşinyan bildirir ki, bütün ermənilərin katolikosunun seçilməsi məsələsində artıq Ermənistan Respublikası həlledici səsə malik olmalıdır: “Katolikos vəzifəsinə namizədlər dürüstlük sınağından keçməlidirlər. Bu məsələ birdəfəlik həll edilməlidir”. Kilsə nümayəndələri isə Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə ittiham ediblər. Paşinyan bunu cavabsız qoymayıb: “Bəziləri mənim Anna Akopyanla rəsmi evli olmadığımdan narahatdır. Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir. Bu isə heç kimi narahat etmir. Bəlkə də sual vermək lazımdır: yepiskoplarımızdan neçəsi həqiqətən subaylıq andına əməl edir?”. Bununla yanaşı, Paşinyan bəzi keşişləri əxlaqsızlıqda da ittiham edib, onları alçaldıcı ifadələrlə təhqir edib. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyanın katibi Artur Ovannisyan da Paşinyana dəstək verib. Onun sözlərinə görə, əxlaqsız və murdar həyat tərzi sürən, bunu ruhanilərin libası ilə ört-basdır edən bütün keşişlərin maskaları cırılacaq. Ovannisyan bildirib ki, maskaların cırılacağı vaxt çatanda keşişlər barədə əldə olunan məlumatlar ictimaiyyətə açıqlanacaq.

Ruhanilərə qarşı təhqiramiz hücumlarından sonra Nikol Paşinyanın həyat yoldaşı “effektiv ünsiyyət bacarıqları və ədəb-ərkanı təbliğ etmək” üçün komissiya yaratmaq qərarına gəlib. Bunlar fonunda Alternativ Layihələr Qrupunu təmsil edən Vahe Hovhannisyan qeyd edir: “Hökumət başçısının bəyanatları bütün normal insanları şoka saldı. Vəziyyət və çıxarılmalı olan nəticələr emosiyalar deyil, soyuq düsturlar tələb edir... Erməni Apostol Kilsəsinin müdafiəsi, özümüzün və humanist əxlaqlı cəmiyyətin müdafiəsi üçün yüz minlərlə insan küçələrə çıxmağa hazır olmalıyıq. Bunu dayandırmaq lazımdır: baş verənlər zarafat deyil, yumor üçün mövzu deyil. Siyasi qüvvələr, sosial elita, dövlət sistemi, geniş ictimaiyyət, kilsə, normal insanlar: hamımız müxtəlif fikirlərə malik ola bilərik, amma ölkəni çirkinlik və faciə teatrına çevirmək istəmirik. Bütün bunlar pis şeylərə gətirib çıxarır”. Siyasətçi və keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə bildirir: “Bütün korrupsiya və digər ifşalara baxmayaraq, heç bir dövlət başçısı Vatikan və ya Roma Papası haqqında belə bir tonda danışmağa risk etməz. Bu kontekstdə biz milli identikliyi itirməyin növbəti mərhələsinə, dövlətçiliyimizin daha bir sütununun – milli kilsənin dağıdıldığı mərhələyə çatmışıq”.

Erməni politoloq Stepan Danielyan bildirir ki, baş nazir öz “Facebook” paylaşımlarında din xadimlərinə qarşı ittihamedici dəlillər qeyd edib və məntiq onu daha da genişləndirəcəyini deməyə əsas verir. Danielyanın sözlərinə görə, Paşinyanın bəyanatının şantaj olduğunu da söyləmək olar: “Onun planına görə, kilsə rəhbərliyi istefaya getməlidir. Eyni zamanda, hökumət başçısının xüsusi xidmət orqanlarının operativ məlumatlarından siyasi məqsədlər üçün istifadə etməsi qanunsuzdur”. Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayıl Əcəbxyan xalqı Nikol Paşinyanın psixi sağlamlığından narahat olmağa çağırıb: “Bu adamın psixi sağlamlığına diqqət yetirin, dərman yazın, dərman qəbul edərkən onun spirtli içki qəbul etməsinə icazə verməyin”.

Görünən odur ki, qarşıdakı dövr ərzində Ermənistan hakimiyyəti ilə kilsə arasında ziddiyyətlər daha da dərinləşəcək. Paşinyan kilsə hakimiyyətinə son qoymaqda israrlıdır, amma belə vəziyyətdə keşişlərin baş nazirin artıq fiziki məhvinə çalışacaqları da istisna deyil.

MTM Analitik Qrupu

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?