Bu gün

Qarabağda yeni məktəblər tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam, Ağdərə, Xocalı, Kəlbəcər, Xankəndi və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bildirilib ki, Zəngilan məktəbi bir neçə təhsil pilləsini özündə birləşdirən yeni formatlı təhsil kompleksi kimi xüsusi əhəmiyyət daşıyır.

"2027-ci ildə Kəlbəcər Peşə Təhsili Kompleksində də bir neçə təhsil pilləsinin eyni binada birləşdirilməsi nəzərdə tutulur.

Qarabağ Universitetində isə hazırda 9 fakültə üzrə 3 324 tələbə təhsil alır, 548 əməkdaş çalışır. 2027-ci ildə universitetin Mühəndislik fakültəsinin binasının açılışı planlaşdırılır. Həmçinin ölkə başçısının iştirakı ilə Kitabxana və İnnovasiya Mərkəzinin təməli qoyulub", - deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, bu il qəbul nəticələrinə əsasən, 1 200-dən çox abituriyent Qarabağ Universitetini seçib. Onların 50 faizdən çoxu qəbul imtahanlarında 500-dən artıq bal toplayıb.