29 may

Xalq artisti şikayət edib, prokurorluqda istintaq gedir

“Aprel ayında Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası zamanı yaranmış fikir ayrılıqları ciddi mübahisəyə çevrildi. Bu mübahisələr zamanı Mehriban Ələkbərzadənin təkidi ilə aktyor Füzuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Füzuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir”.

Təhlil.az xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur deyib.

Əli Nurun sözlərinə görə, teatrın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamayıb və mətbuatda inkar edib: “Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Füzuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.

Teatr rəhbərliyi bu məsuliyyətsizliyə niyə göz yumur? Kimdən çəkinir? Daha hansı xoşagəlməz və ya cinayət xarakterli hadisənin baş verməsini gözləyir? Ailə üzvlərim bu məsələdə haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Heç bir tədbir görülmədiyi halda, hadisəyə özləri müdaxilə etmək və Füzuli Hüseynova onun anlayacağı dildə cavab vermək niyyətindədirlər. Mən isə bunun baş verməsini qətiyyən istəmirəm.

Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası zamanı Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Hadisə zamanı Xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov mübahisə edənləri hadisə yerindən uzaqlaşdırıblar.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?