Azərbaycanda magistratura təhsilinin bir ilə endirilməsi təklif olunur

Azərbaycanda magistratura təhsilinin iki ildən bir ilə endirilməsi imkanına baxmaq olar.
Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda dünyada təhsil müddətinin azaldılması istiqamətində proses gedir. Onun sözlərinə görə, ABŞ universitetləri də tədricən bu modelə keçirlər və bakalavr təhsilinin üç il, magistratura təhsilinin isə bir il olması nəzərdə tutulur.
“Dörd il oxumaq artıq vaxt itkisi kimi qəbul edilir. Həm də bunun maliyyə tərəfi var”, – C.Məmmədov deyib.
Deputat qeyd edib ki, bu yaxınlarda Gürcüstan da müvafiq qanun qəbul edərək bu prosesə qoşulub.
“Ən azından biz magistratura səviyyəsində bunu edə bilərik”, – o vurğulayıb.
C.Məmmədov bildirib ki, bu məsələ yalnız qanunvericiliklə tənzimlənən bir məsələdir və onun həlli ilə bağlı digər amillər də nəzərə alınmalıdır.
O qeyd edib ki, hər il Azərbaycanda magistratura səviyyəsində minlərlə, bəzi illərdə 4 mindən çox boş yer qalır.
Deputatın sözlərinə görə, bunun əsas səbəblərindən biri gənclərin iki il müddətində magistratura təhsili almaq istəməməsidir.
“Bu müddət kifayət qədər uzun bir müddətdir. Ona görə bu barədə məsələlərin həllini tapması önəmlidir”, – C.Məmmədov əlavə edib.