Bu gün

AMB və Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (DB) arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.

AMB-nin məlumatına əsasən, bu, Mərkəzi Bankın sədri Taleh Kazımovun Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.

Görüş zamanı Azərbaycan Respublikası ilə DB arasında əməkdaşlığın cari vəziyyəti, Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası, həyata keçirilən investisiya layihələri və gələcək perspektivlər müzakirə edilib.
Sədr Taleh Kazımov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Bakesi təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays daha əvvəl Trend-ə müsahibəsində bankın Azərbaycanda kənd təsərrüfatı və suvarma, eləcə də Bakının ekoloji sağlamlaşdırılması istiqamətində iki yeni layihə üzərində işlədiyini bildirib.

"Hazırda iki layihə üzərində fəal şəkildə işləyirik. Birincisi kənd təsərrüfatı və suvarma sahəsini əhatə edir. Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu sahənin inkişafına dair yeni dövlət proqramının həyata keçirilməsinə dəstək verəcək proqram hazırlayırıq", – deyə R.Prays bildirib.

Onun sözlərinə görə, layihənin 2027-ci ilin ortalarında Dünya Bankının İcraçı Direktorlar Şurasının müzakirəsinə çıxarılması gözlənilir.

R.Prays həmçinin Dünya Bankının "Livable Baku" layihəsini hazırladığını qeyd edib. O bildirib ki, layihə göllərin təmizlənməsini və əvvəlki neft hasilatı fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin rekultivasiyasını nəzərdə tutur.

"Layihənin hazırlıq prosesi davam edir. Məqsədimiz layihəni tamamlayaraq 2027-ci ilin birinci yarısında, təxminən mart-aprel aylarında Dünya Bankının İcraçı Direktorlar Şurasının baxışına təqdim etməkdir", – deyə o vurğulayıb.

Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.