Azərbaycanda meteoroloji stansiyaların sayı 181-ə çatdırılacaq

Azərbaycanda meteoroloji stansiyaların sayının 181-ə çatdırılması planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən paneldə deyib.
O bildirib ki, hazırda 151 stansiya fəaliyyət göstərir, daha 30 stansiyanın quraşdırılması nəzərdə tutulur.
Qədimovanın sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt proqramı əkinlərin monitorinqi, xəstəlik və zərərverici risklərinin, məhsuldarlığın və su tələbatının proqnozlaşdırılmasını əhatə edir. Fermerlər xəstəlik və zərərverici riskləri barədə 72 saatadək əvvəlcədən xəbərdar edilə biləcəklər.
Nazir müavini qeyd edib ki, “Bakı Harmoniya – Fermerlər üçün İqlim Təşəbbüsü”nün məqsədi iqlim maliyyəsi, bilik və texnologiyaları xüsusilə kiçik fermerlər üçün əlçatan etməkdir.
O vurğulayıb ki, süni intellekt insan qərarverməsini əvəz etməməli, onu gücləndirməlidir.