İqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığı 21 faiz azaldıb

İqlim dəyişiklikləri 1961-ci ildən etibarən qlobal kənd təsərrüfatında məhsuldarlıq artımını təxminən 21 faiz azaldıb.
Təhlil.az xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.
Babayev bildirib ki, kənd təsərrüfatı ekstremal istilər, quraqlıq, daşqınlar və su çatışmazlığının təsirinə getdikcə daha çox məruz qalır. 21 faizlik azalma təxminən yeddi illik məhsuldarlıq artımının itirilməsinə bərabərdir.
Onun sözlərinə görə, 2024-cü ildə dünyada 673 milyon insan aclıqla üzləşib, 2,3 milyard nəfər isə ərzaq təhlükəsizliyi problemi yaşayıb. İqlim dəyişiklikləri də bu riskləri artıran əsas amillərdən birinə çevrilir.
Babayev qeyd edib ki, iqlim dəyişikliklərinin təsirləri Azərbaycanda da müşahidə olunur. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə yeddi gün davam edib. Qəfil daşqınların sayı 2015-ci ildə 15-dən 2025-ci ildə 33-ə yüksəlib.
O vurğulayıb ki, kənd təsərrüfatında əsas problemlərdən biri su təminatıdır. Fermerlər üçün iqlim dayanıqlılığı erkən xəbərdarlıq sistemləri, suya çıxış, uyğun texnologiyalar və maliyyə imkanlarının yaradılmasını tələb edir.
Babayev bildirib ki, kənd təsərrüfatı həm iqlim dəyişikliklərindən təsirlənir, həm də emissiyalara və ekosistemlərə təsir göstərir. Buna görə kənd təsərrüfatı və iqlim siyasəti artıq ayrı-ayrılıqda həyata keçirilə bilməz.
Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi sentyabrın 11-dək davam edəcək.