AMB-nin valyuta ehtiyatları tarixi maksimuma çatdı

Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15,301 milyard ABŞ dolları təşkil edib.
Təhlil.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu, bu ilin avqustun 1-i ilə müqayisədə 1,533 milyard ABŞ dolları və ya 11,1% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 4,052 milyard ABŞ dolları və ya 36% artıb.
"Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır", - məlumada vurğulanıb.
Əlavə olaraq qeyd olunub ki, bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24,239 milyard manat təşkil edib.
Məlumata əsasən, bu, 2026-cı ilin avqustun 1-i ilə müqayisədə 296,2 milyon manat və ya 1,24% çoxdur.
Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 3,117 milyard manat və yaxud 14,8% artıb.