Bu gün

Mebel sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sənayesini əhatə edən 31 dövlət standartı qəbul edilib.

Bu barədə AZSTAND məlumat yayıb.

Bildirilib ki, yeni standartlar ofis mebeli, təhsil müəssisələri üçün stul və masalar, açıq məkanlarda istifadə olunan mebellər, ikimərtəbəli çarpayılar, auditoriya kresloları, kitab ticarəti və pərakəndə satış üçün mebel, çərçivəli mebel, masalar, sürüşən qapılar, şüşə məmulatları, eləcə də mebel istehsalında istifadə olunan taxta və polimer materialların təhlükəsizlik, keyfiyyət və sınaq tələblərini əhatə edir.

"Qəbul edilən standartlar sırasında ofis iş masalarının təhlükəsizlik, möhkəmlik və davamlılıq tələbləri, açıq məkan mebellərinin ümumi və mexaniki təhlükəsizlik normaları, təhsil müəssisələri üçün mebelin funksional ölçüləri, mebel məhsullarında formaldehid və digər zərərli uçucu kimyəvi maddələrin müəyyənləşdirilməsi metodları, radionuklidlərin xüsusi aktivliyinin ölçülməsi, müxtəlif növ mebellərin sınaq üsulları, ümumi texniki şərtlər və terminologiyanı müəyyən edən sənədlər yer alır", - deyə AZSTAND-dan əlavə olunub.

Bildirilib ki, yeni dövlət standartlarının qəbulunda əsas məqsəd ölkədə mebel sənayesinin inkişafına dəstək vermək, istehsal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini yüksəltmək, ixrac məhsullarının çeşidini və rəqabət qabiliyyətini artırmaq, sahibkarlıq fəaliyyətini təşviq etmək, həmçinin istehlakçıların tələb və gözləntilərinin daha dolğun şəkildə təmin edilməsidir.

Qeyd olunub ki, yeni dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilmiş “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatları əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edilib.

Məlumata görə, sözügedən standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hazırlanması nəzərdə tutulan “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?