AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını sabah açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il iyun ayının 24-də ictimaiyyətə açıqlanacaq.
Təhlil.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıb ki, inflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, bu ilin mayın 26-da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.
Bu kontekstdə Beynəlxalq Valyuta Fondu (BVF) da hesab edir ki, mövcud inflyasiya proqnozları hazırkı faiz dərəcələrinin saxlanılmasını əsaslandırsa da, idxal olunan ərzaq məhsullarının bahalaşması nəticəsində inflyasiya təzyiqləri güclənərsə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa hazır olmalıdır.
BVF-nin hesabatında qeyd edilir ki, inflyasiya ilə bağlı gözlənilməz risklər yarandığı halda Mərkəzi Bank qətiyyətli reaksiya verməli, eyni zamanda pul-kredit siyasətinin transmissiya mexanizmini və kommunikasiya siyasətini daha da təkmilləşdirməlidir.
Fond vurğulayır ki, faktiki sabit məzənnə rejimi şəraitində fiskal intizamın qorunması və iqtisadiyyatın rəqabət qabiliyyətinin saxlanılması makroiqtisadi sabitliyin əsas şərtlərindəndir. Bununla yanaşı, makroprudensial alətlərin daha fəal tətbiqi, Basel III standartlarının tam tətbiqi, riskyönümlü nəzarətin gücləndirilməsi və maliyyə təhlükəsizlik mexanizmlərinin inkişaf etdirilməsi bank sektorunun dayanıqlığını daha da möhkəmləndirə bilər.
BVF-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2026-cı ildə 6 faiz təşkil edəcək, 2027-ci ildə 4,2 faizə enəcək və sonrakı illərdə 4 faiz ətrafında sabitləşəcək.