Azərbaycanda doğum sayı azalır - STATİSTİKA

Azərbaycanda beş ay ərzində 30 minə yaxın körpə doğulub.
Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may aylarında 28631 doğulan körpə qeydə alınıb.2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.
Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqları olub. Körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Əlavə olaraq, bu il Azərbaycanda nikah və boşanmaların sayı ötən illə müqayisədə azalıb.
Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.