İdmançılarımız Amerikadan qızıl medalla qayıdıblar - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmançılarımız, Amerika Birləşmiş Ştatlarının Houston şəhərində keçirilən Çin döyüş növləri üzrə “Dünya Ulduzları” beynəlxalq turnirində ölkəmizi təmsil ediblər.
Təhlil.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən ən güclü idmançıların qatıldığı mötəbər yarışda Azərbaycan Respublikasını Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, Vinq Çun üzrə master Asif Sayadov və Azərbaycan Vinq Çun Federasiyasının yığma komandasının üzvü Şıxəli Hümmətov uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.
Belə ki, Şıxəli Hümmətov 18–36 yaş kateqoriyasında Vinq Çun Taolu üzrə 3-cü yerin, 36-50 yaş üzrə ustalar kateqoriyasında çıxış edən Asif Sayadov isə bütün rəqiblərini geridə qoyaraq 1-ci yerin sahibi olub.
Turnirin ən diqqətçəkən məqamlarından biri də ustadlar arasında keçirilən qiymətləndirmə olub.
Qiymətləndirməyə əsasən Asif Sayadovun uğurlu çıxışı təkcə qızıl medalla kifayətlənməyib. O, yüksək texnika və sürəti ilə fərqlənərək “ən texnikalı və ən sürətli master” adına da layiq görülüb.