Rusiyanın hibrid təzyiq elementləri aktivləşib - MƏQALƏ

Son aylarda Azərbaycanın xarici siyasət gündəmində baş verən proseslər, xüsusilə ABŞ ilə münasibətlərin intensivləşməsi regionda yeni geosiyasi dinamika yaradıb. 8 avqust tarixli görüş, prezidentlər səviyyəsində təmasların aktivləşməsi, ABŞ vitse-prezidentinin Bakıya səfəri və imzalanmış strateji xartiya təkcə ikitərəfli əlaqələrin dərinləşməsi deyil, həm də Cənubi Qafqazda qüvvələr balansının yenidən qurulması kontekstində mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu dinamika isə təbii olaraq Rusiyanın reaksiyasını və hibrid təzyiq mexanizmlərinin yeni dalğasını gündəmə gətirib.
Nəzərə almaq lazımdır ki, Vaşinqtonda baş tutan 8 avqust görüşü Azərbaycanın ABŞ ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin anonsu idi. Bu görüş formal diplomatik jestdən daha çox, strateji niyyət bəyanatı kimi qəbul olundu. Prezidentlər səviyyəsində təmasların intensivləşməsi rəsmi Bakının Qərb istiqamətində balanslaşdırılmış, lakin daha açıq siyasi kurs götürdüyünü göstərdi. Baxmayaraq ki, Azərbaycan uzun illərdir ki, çoxvektorlu siyasət yürüdür. Lakin regionda Ukrayna müharibəsindən sonra yaranmış yeni reallıq və Qərbin enerji təhlükəsizliyinə artan ehtiyacı Bakının manevr imkanlarını genişləndirib. ABŞ üçün Azərbaycan həm enerji təhlükəsizliyi, həm Orta Dəhliz layihəsi, həm də İran və Rusiya arasında geosiyasi bufer kimi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan tərəflər arasında imzalanan strateji xartiya münasibətləri institusional müstəviyə daşıyır. Bu sənəd təkcə iqtisadi və enerji əməkdaşlığını deyil, təhlükəsizlik, müdafiə, rəqəmsal transformasiya və regional sabitlik məsələlərini də əhatə edir. Bu tip sənədlər postsovet məkanında simvolik dəyərdən daha artıq məna daşıyır. Onlar faktiki olaraq tərəfdaşlıq statusunun siyasi təsdiqidir. ABŞ ilə belə bir sənədin imzalanması Azərbaycanın beynəlxalq legitimlik və təhlükəsizlik arxitekturasında rolunu gücləndirir. Bu kontekstdə ABŞ vitse-prezidentinin səfəri də xüsusi qeyd olunmalıdır. Vitse-prezident səviyyəsində səfərlər Vaşinqtonun konkret ölkəyə strateji prioritet kimi baxdığını göstərir. Bu isə Moskvanın diqqətindən yayınmır.
Azərbaycanın ABŞ ilə yaxınlaşması fonunda Rusiyanın reaksiyası birbaşa hərbi və ya açıq siyasi təzyiq formasında deyil, daha çox hibrid mexanizmlərlə özünü göstərir. Media və informasiya kampaniyaları çərçivəsində Azərbaycan daxilində anti-Qərb narrativlərinin gücləndirilməsi, miqrant məsələsi, ticarət kanalları və logistika asılılıqları ilə iqtisadi təzyiqlərin artırılması, Ermənistan kartının yenidən aktivləşdirilməsi, sosial şəbəkələr və təsir agentləri vasitəsilə ictimai rəyin manipulyasiyası hibrid müharibənin əsas alətləri kimi çıxış edir. Ukrayna müharibəsi fonunda zəifləyən Rusiya Cənubi Qafqazda təsirini itirmək istəmir. Azərbaycan isə 2020-ci ildən sonra hərbi və siyasi baxımdan daha müstəqil mövqe sərgiləyir. Bu isə Moskva üçün yeni çağırışdır.
Moskva da bilir ki, Azərbaycanın ABŞ ilə münasibətlərinin inkişafı təkcə ikitərəfli məsələ deyil. Bu proses Orta Dəhlizin strateji əhəmiyyətini artırır, Türkiyə-Azərbaycan-ABŞ üçbucağını möhkəmləndirir, İranın şimal sərhədləri boyunca yeni geosiyasi dinamika yaradır, Rusiyanın Cənubi Qafqazdakı monopoliyasını zəiflədir. Azərbaycanın balans siyasəti dəyişmir, lakin balansın mərkəzi çəkisi tədricən Qərbə doğru sürüşür. Bu isə Moskva tərəfindən “strateji itki” kimi qəbul olunur.
Dövlət başçıları səviyyəsində qurulan şəxsi əlaqələr beynəlxalq siyasətdə bəzən formal institutlardan daha effektiv olur. ABŞ və Azərbaycan prezidentləri arasında yaranmış konstruktiv münasibət dialoqun davamlılığını təmin edən amildir. Bu faktor Rusiyanın təzyiq mexanizmlərini daha mürəkkəb və dolayı formaya salır. Hazırkı mərhələdə Bakı üçün əsas vəzifə balans siyasətini qorumaq, daxili sabitliyi gücləndirmək və xarici təzyiqləri minimuma endirəcək institusional mexanizmlər qurmaqdır. Cənubi Qafqaz yeni geosiyasi mərhələyə daxil olur. Azərbaycan isə bu mərhələdə aktiv oyunçu olmaq iddiasını açıq şəkildə nümayiş etdirir.
MTM Analitik Qrupu