Bu gün

Fərid Şəfiyev: "Anti-Azərbaycan dalğası Rusiyadan qaynaqlanır" - AÇIQLAMA

Rusiyadan Azərbaycana qarşı yeni hibrid müharibə dalğası başladılıb.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyev deyib.

O xatırladıb ki, Azərbaycanda iri beynəlxalq tədbirlər keçirilən zaman ölkəmizə qarşı müxtəlif hibrid kampaniyalar aparılıb. Onun sözlərinə görə, bu cür cəhdlər Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, COP29 və digər mühüm tədbirlər zamanı da müşahidə olunub.

Diplomat bildirib ki, hazırkı anti-Azərbaycan dalğası isə fərqli mənşəyə malikdir və Rusiyadan qaynaqlanır.

“Sirri deyil ki, Azərbaycan–Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşamır. Münasibətlərdə böhran artıq bir ildən çoxdur davam edir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu böhran Azərbaycan tərəfindən başlanmayıb. O, 2024-cü ilin dekabrında baş verən faciəli insidentdən – Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Bakıdan Qroznıya uçan AZAL-a məxsus mülki təyyarəni vurmasından sonra başlayıb. Araşdırma başlandı və biz nəticələri gözləyirdik. Lakin 2025-ci ildə gərginliyin azaldılması əvəzinə, hər 2–3 aydan bir Bakıya qarşı müxtəlif hücumların şahidi olduq”, – deyə Şəfiyev qeyd edib.

O vurğulayıb ki, 2025-ci ilin fevralında Azərbaycanın bir sıra dövlət qurumlarına və media orqanlarına qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib və onların Rusiyadan qaynaqlandığı müəyyən edilib.

Şəfiyevin sözlərinə görə, mart ayında Rusiyanın bir sıra yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfəri gərginliyin azaldılacağına dair müəyyən gözləntilər yaratmışdı. Lakin bunun əksi baş verib.

“Rusiya böhranı aradan qaldırmağa çalışmaq əvəzinə, biz Yekaterinburqda baş verən faciəli hadisələrin şahidi olduq. İki azərbaycanlının qətli Rusiya hüquq-mühafizə orqanlarının işi sayılsa belə, sonradan Azərbaycan diasporuna qarşı qorxutma kampaniyası başladıldı. Bu artıq yerli səviyyəli məsələ deyil. Bütün bunların koordinasiyalı şəkildə həyata keçirildiyini görürük”, – deyə o bildirib.

Diplomat 2025-ci ilin avqustunda Ukraynada SOCAR-ın terminallarına edilən hücumlara da diqqət çəkib.

“Prezident İlham Əliyev yaxın zamanda açıq şəkildə bildirdi ki, Ukraynadakı Azərbaycan diplomatik nümayəndəliyinə hücum bir dəfə baş versəydi, bunu təsadüf saymaq olardı. Lakin burada sistemli xarakter müşahidə olundu. Bütün bu müddət ərzində Rusiya tərəfindən gərginliyi azaltmaq üçün heç bir real addım görmədik. Yanvarda başlayan kampaniya bu gün də davam edir və Bakı Moskvanın münasibətləri normallaşdırmaq istiqamətində təşəbbüs göstərdiyini müşahidə etmir. Əksinə, gərginlik artır”, – deyə Şəfiyev əlavə edib.

O, 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında bəyannaməni də xatırladıb və bildirib ki, bu sənədin ruhuna uyğun inkişaf prosesi müşahidə olunmur.

“Əgər Rusiyada düşünürlər ki, münasibətlər birtərəfli qaydada qurulmalı və Moskva Sovet İttifaqı dövründə olduğu kimi müttəfiq respublikalara öz iradəsini diktə edə bilər, bu yanaşma artıq keçmişdə qalıb”, – deyə diplomat vurğulayıb.

Rasim Babayev

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?