13 may

Dəhlizlə qazanan dövlət: Bakı qlobal oyun masasında - ŞƏRH

Vaxtilə enerji ixracatçısı kimi tanınan Azərbaycan bu gün artıq “logistika oyunçusu” imici ilə də beynəlxalq gündəmdədir. Amma məsələ təkcə borularla neft və qaz nəql etməkdə deyil. İndi məsələ yollarla gələcək daşımaqdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) may ayında açıqladığı “Regional iqtisadi perspektivlər” hesabatı göstərir ki, Bakı artıq təkcə regionun deyil, Avrasiya məkanının strateji marşrutlarını dizayn edən əsas aktora çevrilməkdədir.

AYİB-in sənədində Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı rolunun artmasından bəhs olunur. Bu, sadəcə bir nəqliyyat xətti deyil. Bu, iqtisadiyyatı, diplomatiyanı və hətta ekoloji gələcəyi kəsişməyə gətirən strateji marşrutdur.

Daha dəqiq desək, Çin ilə Avropanı birləşdirən ən qısa, ən təhlükəsiz və ən çevik yol artıq Azərbaycan üzərindən keçir. Özü də Rusiya və İran kimi ənənəvi marşrutlardan yayınaraq. Siyasi-iqtisadi çağırışların və münaqişələrin artdığı indiki dövrdə bu, az məsələ deyil. Bu xətt siyasi xəritəni də dəyişir. 

AYİB açıq şəkildə bildirir ki, Azərbaycanın tranzit və logistika sahəsindəki mövqeyi təkcə iqtisadi baxımdan deyil, geosiyasi baxımdan da həlledici xarakter alır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzəri Avropaya bağlayan çoxşaxəli nəqliyyat qovşaqları ölkəni Cənubi Qafqazla Orta Asiya arasında “körpü ölkə” statusuna çıxarır.

Bu “körpü” təkcə mallar üçün deyil. Bu, həm də əməkdaşlıq, qarşılıqlı asılılıq və siyasi sabitlik üçün keçid rolunu oynayır. Orta Dəhlizin inkişafı nəticəsində güclənən ticarət əlaqələri ölkələr arasında daha çox dialoq, daha az qarşıdurma ehtimalı yaradır. Bəli, ticarət yolları siyasi divarları da sökə bilir.

Təkcə ötən il bu marşrutla yükdaşımalar 62% artaraq 4,5 milyon tona çatıb. Proqnozlara görə, bu rəqəm 2025-ci ildə 5,2 milyon ton, 2027-ci ildə isə 10 milyon tona qədər yüksələcək. Yollar genişlənəcək, limanlar böyüyəcək, iqtisadiyyat daha çox investor cəlb edəcək. Başqa sözlə, dəhliz boyu inkişaf zənciri qurulacaq.

Azərbaycan bu marşrutun əsas koordinasiya mərkəzi kimi həm iqtisadi dividendlər, həm də diplomatik üstünlüklər qazanır. Əgər bir zamanlar Bakı neftlə geosiyasətin mərkəzinə çəkilirdisə, bu gün yük qatarlarının və konteynerlərin strateji istiqamətlərini müəyyən etməklə qlobal oyunçuların diqqətini cəlb edir. Orta Dəhliz Bakı üçün təkcə tranzit yolu deyil, həm də diplomatik platformadır.

Hələ bu da son deyil. Orta Dəhliz yalnız polad relslər və yük qatarları deyil. Bu yol həm də yaşıl enerjinin Avropaya çıxış qapısıdır. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi bərpa olunan enerji növləri məhz bu dəhliz vasitəsilə Avropa bazarlarına çıxacaq. Bu isə yalnız iqtisadi deyil, ekoloji dəyər də gətirəcək. Azərbaycan bu yolla həm də “yaşıl diplomatiya”nın aparıcı tərəfdaşlarından birinə çevrilə bilər.

Orta Dəhliz Azərbaycanın özünü neftdən sonrakı dövrə hazırladığı ən əhəmiyyətli layihələrdən biridir. Bu yol təkcə qitələri birləşdirmir həm də sabitliyi, əməkdaşlığı və ən əsası isə Azərbaycanın beynəlxalq mövqeyini bərkidir. AYİB-in qeyd etdiyi kimi, Bakı bu dəhliz vasitəsilə artıq Avrasiya məkanında mühüm bir strateji qovşağa çevrilib. Yəni Azərbaycan artıq “geosiyasi tranzit” ölkəsidir. 

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?