Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: “Müdaxilə edən peşman olacaq”

İranın Ali Liderinin baş müşaviri Əli Şamxani Vaşinqtonun İranda baş verən etirazlara mümkün müdaxiləsi ilə bağlı sərt bəyanatla çıxış edib.
Təhlil.az xəbər verir ki, Şamxani bildirib ki, İranın daxili proseslərinə istənilən xarici müdaxilə cəhdi qətiyyətli və sərt cavabla qarşılanacaq.
Onun sözlərinə görə, İran xalqı ABŞ-nin “xilasedici müdaxilə” adı altında müxtəlif ölkələrdə həyata keçirdiyi siyasətin real nəticələrini yaxşı xatırlayır. Şamxani ABŞ-nin İraqdan və Əfqanıstandan başlayaraq Qəzzaya qədər apardığı müdaxilələrin regionlara sülh deyil, xaos gətirdiyini vurğulayıb.
“İranın təhlükəsizliyinə yalan bəhanələrlə müdaxilə etməyə cəhd göstərən hər kəs, heç nəyə nail ola bilməmiş peşman edici və kəsərli cavabla üzləşəcək. İranın milli təhlükəsizliyi qırmızı xətdir və ehtiyatsız tvitlər üçün mövzu deyil”, – deyə Şamxani qeyd edib.
O, Vaşinqtona ünvanlanan bu mesajın İranın suverenliyinə və daxili sabitliyinə yönələn istənilən təhdidə qarşı prinsipial mövqenin ifadəsi olduğunu bildirib.