Ürəyin “səssiz düşmənləri” açıqlandı – cərrah xəbərdarlıq edir

Amerikalı ürək cərrahı Ceremi London sağlam ürək üçün gündəlik qida vərdişlərinə yenidən baxmağın vacibliyini vurğulayıb və ürəyə ən çox ziyan vuran qida və içkiləri açıqlayıb.
Təhlil.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, aşağıdakı qida qrupu ürək-damar xəstəliklərinin riskini ciddi şəkildə artırır.
Fast food
Hamburger, fri kartof və digər hazır yeməklər yüksək miqdarda duz, şəkər və doymuş yağ ehtiva edir. Bu qidalar orqanizmdə iltihabı gücləndirir, qan təzyiqini yüksəldir və “pis” xolesterinin artmasına səbəb olur.
Qazlı içkilər
Bir banka qazlı içkidə təxminən 40 qram şəkər var. Bu miqdar şəkər damarların divarlarında piy yığılmasını sürətləndirir. Cərrah qeyd edib ki, “şəkərsiz” (0 kalorili) içkilərdə olan süni şirinləşdiricilər də ürək üçün təhlükəsiz sayılmır.
Alkoqol
Ceremi London vurğulayıb ki, hətta az miqdarda alkoqol belə ürək əzələsinə zərər verə, qan təzyiqini artıra və ürək ritmini poza bilər. Bundan əlavə, alkoqol xərçəng riskini artıran amillərdən biri hesab olunur.
Mütəxəssis bildirib ki, sağlam ürək üçün bu qida və içkilərdən tam imtina etmək və ya ən azı ciddi şəkildə azaltmaq vacibdir. Onun sözlərinə görə, düzgün qidalanma ürək xəstəliklərinin qarşısının alınmasında dərmanlar qədər mühüm rol oynayır.