Zelenski: "Ərazi ilə bağlı qərarları yalnız Ukrayna xalqı verə bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski mümkün ərazi qərarlarının yalnız Ukrayna xalqının iradəsi ilə qəbul oluna biləcəyini bildirib.
Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu cür qərarlar ya ümumxalq seçkisi, ya da referendum vasitəsilə müəyyən edilməlidir.
Prezident qeyd edib ki, ABŞ Donbasın bir hissəsində sözdə “azad iqtisadi zona”, Rusiya tərəfinin isə “silahsızlaşdırılmış zona” adlandırdığı modelin yaradılmasını təklif edir. Sözügedən plana əsasən, Ukrayna qoşunları ərazinin müəyyən hissəsindən geri çəkilməli, Rusiya qüvvələri isə həmin ərazilərə daxil olmamalıdır.
Zelenski vurğulayıb ki, bu yanaşma Ukraynanın maraqlarına uyğun deyil:
“Bizim mövqeyimiz ondan ibarətdir ki, təmas xəttində dayanmaq ədalətlidir. Bununla belə, dialoq davam edir”, – deyə Ukrayna Prezidenti əlavə edib.