11 dekabr

Ermənistan və ABŞ yeni şirkət qurur - Yeni logistika xəritəsi və Azərbaycana faydaları - ŞƏRH

Ermənistanda "Tramp Marşrutu" layihəsinin həyata keçirilməsi məqsədilə "TRIPP Company" adlı şirkət qeydiyyatdan keçiriləcək. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində keçirilən tədbirdə açıqlama verib. Onun sözlərinə görə, bu, Ermənistan-ABŞ birgə şirkəti olacaq və lazımi infrastrukturun, dəmir yollarının, avtomobil magistrallarının, neft və qaz kəmərlərinin, eləcə də optik lif kabellərinin inkişaf hüququnu əldə edəcək.

Layihəyə görə, Ermənistan atdığı addımla ABŞ ilə birgə TRIPP Company şirkətini qeydiyyatdan keçirəcək. Bu şirkət dəmir yolu, avtomobil magistralları, neft və qaz kəmərləri, eləcə də optik kabel şəbəkələrinin inşası və inkişafı üzrə səlahiyyət alacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, icra mərhələsinə artıq 2026-cı ildə start veriləcək. Həmçinin layihənin yalnız Ermənistan üçün deyil, Cənubi Qafqaz - Mərkəzi Asiya - Avropa arasında Orta Dəhlizə inteqrasiya baxımından vacib rol oynayacağı vurğulanır. Bu çərçivədə, ABŞ-nin regionda genişmiqyaslı nəqliyyat, enerji və telekommunikasiya infrastrukturu formalaşdırmasına yönələn bu təşəbbüs bir növ strateji “çoxsektorlu dəhliz” yaratmağa cəhd kimi qiymətləndirilir. Birincisi, TRIPP layihəsi vasitəsilə ABŞ regiona “fiziki ayaq basan” olur. Yəni sadəcə diplomatik vasitəçi yox, eyni zamanda infrastrukturun maliyyə dəstəkçisi və operatoru. Bu, ərazi baxımından strateji nöqtədə, yəni Cənubi Qafqazda ABŞ-nin nüfuzunu artırır. İkincisi, ABŞ üçün bu layihə yalnız ticari investisiya deyil, geostrateji addımdır: Regionda varlığını gücləndirmək, eyni zamanda Rusiya, İran və Çinin təsir dairəsinin hüdudlarını daraltmaq potensialıdır. Üçüncüsü, bu marşrutun buraxıcılığı və standartları ABŞ ticarət, enerji və nəqliyyat firmaları üçün uzunmüddətli biznes və infrastruktur investisiyası deməkdir. Bu cür infrastruktur layihələri birbaşa paylayıcı və tranzit gəlirləri, eləcə də ticarət axını və logistik xidmətlərdən gələcək gəlirlərlə bağlıdır.

TRIPP, adətən müzakirə edilən Cənub-Şimal vasitəsilə Rusiyaya alternativ, həmçinin Avropa-Mərkəzi Asiya marşrutlarını birləşdirə biləcək Orta Dəhlizin mühüm tərkib hissəsi kimi təqdim edilir. Əgər layihə planlandığı kimi qurularsa, bu, Avropa ilə Orta Asiya arasında yük daşımalarının, enerji və informasiya axınlarının istiqamətlərini dəyişə bilər: Tranzit vasitəsi ilə xırda dövlətlərdən və bir neçə marşrutdan asılılığı azaltmaq, alternativ yol-kommunikasiya dəhlizi təmin etmək mümkün olacaq. Bu, regionun ticarət və nəqliyyat baxımından daha çox inteqrasiyasına şərait yaradar. Bununla yanaşı, TRIPP sayəsində bir sıra infrastruktur elementləri eyni trayektoriya üzrə çəkiləcəyi üçün region ölkələri arasında əməkdaşlıq və koordinasiyanın önəmi artır. Bu, sülh və iqtisadi əməkdaşlıq üçün mexanizm olmağa yönəlib.

Bu layihə Ermənistan üçün ciddi önəm daşıyır və ölkənin vaxtilə özünütəcrid siyasəti regionun kommunikasiyalarının bloklanması ilə nəticələnib. Uzun illər Ermənistan regiondakı layihələrdən uzaq qalıb. Bu layihə isə blokların açılması deməkdir. Amma dövlət borcu günü-gündən artan erməni hökumətinin bu işə vəsait ayıra biləcəyi sual altındadır. Ehtimal edilir ki, bu işdə də Vaşinqton İrəvana yardım edəcək.

Azərbaycan baxımından TRIPP, xüsusilə Zəngəzur dəhlizi kontekstində mühüm imkandır. Layihə Naxçıvanla birbaşa quru və infrastruktur bağlılığını təmin edərək, logistika şəbəkəsini sadələşdirə bilər. Bu həm yük, həm enerji və telekommunikasiya baxımından mühüm üstünlükdür. Cənubi Qafqaz-Orta Asiya-Avropa marşrutu kimi TRIPP layihəsinin işə düşməsi Azərbaycanın tranzit və nəqliyyat imkanlarını artırar, alternativ marşrutlar sayəsində daha çevik ticarət və enerji ixracı həyata keçirməyə şərait yaranar. Bu, həmçinin Azərbaycanın beynəlxalq ticarət trafikində mövqeyini gücləndirər. Eyni zamanda, Azərbaycan üçün vacibdir ki, bu marşrutun şəffaflığı, təhlükəsizliyi, logistika tarif rejimi ədalətli olsun. Çünki tranzit əvvəlcə investisiya tələb edir: Marşrutun işlək olmasını, tərəflər arasında koordinasiyanın qorunmasını və sabitlik tələb edir.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?