09 dekabr

İran praqmatizmə keçir: Bakı–Tehran münasibətlərində yeni mərhələ - ŞƏRH

Azərbaycan–İran münasibətləri yeni geosiyasi reallıqlar fonunda intensiv inkişaf mərhələsinə qədəm qoyub və bu proses qarşılıqlı maraqlara əsaslanır. Xüsusilə də bu ilin avqust ayında Vaşinqtonda Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı əldə edilən razılaşmalar İranın regionla bağlı bəzi əsassız narahatlıqlarının aradan qalxmasına səbəb olub.

Son aylarda rəsmi Tehranın regional siyasətdə daha praqmatik mövqeyə keçməsi açıq şəkildə hiss olunur. Regional inteqrasiya proseslərinə qarşı çıxmağın nəticə vermədiyini anlayan İran hazırda Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu bəyan edir.

Prezident İlham Əliyevin dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçı başçılıq edən nümayəndə heyətini qəbul etməsi də bu praqmatik dönüşün bariz göstəricilərindəndir. Dövlət başçısı görüş zamanı Azərbaycan–İran münasibətlərinin dərin tarixi köklərə söykəndiyini, xalqlarımızın uzun illər bir bölgədə yaşamasının əlaqələrə xüsusi məna verdiyini və son aylarda bütün istiqamətlərdə əməkdaşlığın sürətləndiyini vurğulayıb. Eyni zamanda, mövcud əməkdaşlığın iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələri əhatə edən yol xəritələri ilə daha da təkmilləşdirilməsi zəruriliyi qeyd olunub.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri kontekstində ciddi sınaqlardan keçən İran–Azərbaycan münasibətləri bu il etimad və sabitlik mərhələsinə daxil olub. 2025-ci ilin aprelinə təsadüf edən İran Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri, aparılan səmərəli müzakirələr və əldə edilən razılaşmalar ikitərəfli münasibətlərdəki siyasi anlaşılmazlıqların əhəmiyyətli hissəsini aradan qaldırıb.

Azərbaycan hər zaman yaxın qonşusu və müsəlman dövləti olan İranla dostluq münasibətlərinin inkişafında maraqlı olduğunu bəyan edib və bu ölkənin maraqlarına zidd addımlar atmayıb. 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük İsrail–İran müharibəsi zamanı rəsmi Bakının nümayiş etdirdiyi tərəfsiz mövqe, tərəfləri dialoqa və atəşkəsə çağırması, humanitar məsələlərdə aktiv iştirakı ölkəmizin xarici siyasət fəlsəfəsinin mahiyyətini bir daha göstərib.

Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb və münasibətlərdə konstruktiv yanaşmanın tərəfdarı olub. Bununla yanaşı, Bakı dəfələrlə bəyan edib ki, İsrail, ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlıq Azərbaycanın suveren seçimidir və üçüncü ölkələrə qarşı yönəlməyib. Rəsmi Bakı həmçinin ABŞ və Qərbin İranın nüvə proqramı ilə bağlı təzyiq və sanksiyalarına qarşı çıxaraq, problemin dialoq yolu ilə həllini dəstəkləyib. Bu ardıcıl mövqe Tehranın bəzi narahatlıqlarının əsassız olduğunu təsdiqləyir və iki ölkə arasında şəffaf siyasi dialoqa zəmin yaradır.

Son 30 ildə tərəflər arasında zaman-zaman gərginliklər yaşansa da, Azərbaycan və İran münasibətləri həmişə praqmatik maraqlar üzərində inkişaf edib. Kəskin fikir ayrılıqları qarşıdurmaya çevrilmədən dialoq yolu ilə həll olunub. Transmilli layihələr, iqtisadi, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi də bunu sübut edir.

Hökumətlərarası birgə komissiyanın fəaliyyəti ticarət və nəqliyyat əlaqələrinin inkişafına ciddi təkan verir. Əmtəə dövriyyəsi 2024-cü ildə 650 milyon dollar təşkil etmişdisə, bu ilin yanvar–oktyabr aylarında 520 milyon dollara çatıb. Hər iki tərəf mövcud potensialın daha səmərəli istifadəsinin vacibliyini vurğulayır. Xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə mətbuat konfransında bildirdiyi kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə təkcə iqtisadi sahə deyil, bütün istiqamətlər üzrə geniş yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq son illərdə xüsusi dinamika qazanıb. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artıracaq Rəşt–Astara dəmiryol xətti bunun bariz nümunəsidir. Bu layihə Cənub Asiyası, Hind okeanı və Körfəz limanlarından yüklərin Iran üzərindən Azərbaycana, buradan isə Rusiya və Avropaya fasiləsiz daşınmasına imkan verəcək.

Ermənistanın Zəngəzur dəhlizi üzrə öhdəliklərini uzun müddət yerinə yetirməməsi fonunda Bakı analoji layihəni İranla birgə reallaşdırmağa qərar verib. “Şərqi Araz dəhlizi” adlanan bu yeni nəqliyyat xətti həm Ermənistanın regiondakı tranzit üzərində manipulyasiyalarına son qoyacaq, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı alternativ marşrut yaradacaq. Dəhliz dəmir yolu və avtomobil magistralı ilə yanaşı enerji və rəqəmsal rabitə xətlərini də əhatə edəcək. Hazırda Horadiz–Ağbənd istiqamətində infrastrukturun sürətlə bərpası layihənin vaxtında tamamlanacağına dəlalət edir.

Gərginlik mərhələsinin arxada qalması, siyasi dialoqun intensivləşməsi və strateji layihələrin irəliləməsi göstərir ki, Azərbaycan və İran qarşılıqlı faydalı, praqmatik əməkdaşlıq modelini qurmaq əzmindədir. Bu isə həm regional sabitlik, həm də qlobal nəqliyyat və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?