Böyük Britaniya ilə Azərbaycan müdafiə əməkdaşlığını genişləndirir - ŞƏRH

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə hərbi əməkdaşlıq əlaqələrində də yeni mərhələ başlanıb. Bu gün ölkəmizlə həmin sahədə əməkdaşlıq edən dövlətlərin sayı artmaqla yanaşı, onların coğrafiyası da genişlənir. Elə sonuncu hərbi paradda nümayiş etdirilən silah və hərbi texnika da bu tendensiyanın bariz göstəricilərindən biridir. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, uzun illər Azərbaycanla hərbi əməkdaşlığa müxtəlif məhdudiyyətlər tətbiq edən Qərb ölkələrinin mövqeyində də kəskin dəyişiklik müşahidə olunur. Azərbaycan–Ermənistan münaqişəsinin aradan qalxması bu istiqamətdə yeni imkanların açılmasına və əlaqələrin yüksəliş dövrünə qədəm qoymasına şərait yaradıb.
Qeyd edilməlidir ki, Azərbaycanla Qərb dövlətləri arasında hərbi əməkdaşlığın inkişafı müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, regional sabitlik və geosiyasi balans baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin ölkəmizə səfəri və aparılan müzakirələr bunun konkret təzahürlərindəndir. Səfər çərçivəsində nazir Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Qonaq ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək, əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Prezident İlham Əliyev isə ikitərəfli münasibətlərin zəngin tarixə malik olduğunu, əməkdaşlığın enerji sektorundan başlayaraq bir çox istiqamətləri əhatə etdiyini vurğulayıb. Dövlət başçısı hazırda müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə yeni səhifənin açıldığını qeyd edərək, bunu qarşılıqlı etimadın mühüm göstəricisi kimi dəyərləndirib.
Lord Vernon Koaker müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə ikitərəfli görüşlər keçirib, Böyük Britaniya–Azərbaycan müdafiə və təhlükəsizlik tərəfdaşlığının inkişafı üçün əlavə imkanları müzakirə edib. Britaniyanın Azərbaycandakı səfirliyinin açıqlamasına görə, səfərin əsas məqsədi iki ölkə arasında müdafiə tərəfdaşlığını daha da gücləndirməkdir.
Aparılan təhlillər göstərir ki, Londonun Cənubi Qafqaz regionuna artan marağı, Azərbaycanın enerji, nəqliyyat və digər strateji parametrlər baxımından əhəmiyyətli mövqeyi, həmçinin beynəlxalq təhlükəsizlik mexanizmlərində yüksələn rolu əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait formalaşdırıb. Xatırlatmaq yerinə düşər ki, Böyük Britaniya uzun illərdir Xəzər dənizində enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın əsas tərəfdaşlarından biridir. BP-nin ölkəmizdəki böyük enerji layihələrində iştirakı, Bakı–Tiflis–Ceyhan və digər boru kəmərlərinin iqtisadi və strateji əhəmiyyəti London üçün də regionda sabitlik və təhlükəsizliyə xüsusi diqqətlə yanaşma zərurəti yaradır. Bu çərçivədə dəniz təhlükəsizliyi, sahil mühafizəsinin modernləşdirilməsi, enerji infrastrukturlarının fiziki və kiber müdafiəsi iki ölkə arasında hərbi əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir.
Kibertəhlükəsizlik sahəsi də son illərdə əməkdaşlığın prioritet istiqamətlərindən birinə çevrilib. Kibermüdafiə sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Böyük Britaniya Azərbaycan üçün müasir texnoloji həllər və qabaqcıl təcrübələr təklif edə bilər. Dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, kritik enerji obyektlərinin kibermüdafiəsi və informasiya təhlükəsizliyi üzrə birgə layihələr bu əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycanla Böyük Britaniya arasında sülhməramlı missiyalar sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesində Britaniyanın əvəzsiz dəstəyidir.
Müdafiə sənayesində əməkdaşlıq potensialından istifadə isə artıq prioritetə çevrilib. Britaniya müdafiə sənayesi şirkətlərinin Azərbaycanın modernləşmə proqramlarına marağı artır; xüsusilə rabitə sistemləri, müşahidə və kəşfiyyat texnologiyaları, pilotsuz uçuş aparatları və digər müasir avadanlıqlar üzrə əməkdaşlıq imkanlarının genişlənməsi gözlənilir. Lord Vernon Koakerin səfəri və əldə olunan razılaşmalar bu prosesin daha da intensivləşəcəyini deməyə əsas verir. Şübhəsiz ki, dərinləşən əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin inkişafına, müasir texnologiyaların tətbiqinə və ordunun texniki təminatının daha da yaxşılaşdırılmasına yeni töhfələr verəcək. Bu həm də Azərbaycanın müdafiə sənayesinin yeni məhsullarla ordunun təminatını genişləndirməsinə və ixrac potensialının artmasına təkan ola bilər.
Geosiyasi anlamda Azərbaycan–Britaniya hərbi əməkdaşlığı regionda dəyişən təhlükəsizlik balansı fonunda xüsusi əhəmiyyətə malikdir. Cənubi Qafqazda gedən siyasi, iqtisadi və hərbi proseslər, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, Qarabağ münaqişəsinin həlli və regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşması kimi məsələlər Londonda da diqqətlə izlənir. Britaniya Azərbaycanın regionda sülh və sabitlik təşəbbüslərini dəstəkləyir. Təbiidir ki, siyasi dialoq dərinləşdikcə hərbi əməkdaşlığın genişlənməsi də qaçılmaz olur.
Ümumilikdə, Azərbaycan–Britaniya arasında hərbi əməkdaşlıq qarşılıqlı maraqlara, regional sabitliyə və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə əsaslanan strateji tərəfdaşlıq modelidir. Qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşməsi gözlənilir və bu proses hər iki ölkənin maraqlarına tam cavab verir.
MTM Analitik Qrupu