Ofis işçilərinin yayılmış problemi: bel ağrısının dörd əsas səbəbi açıqlandı

Demək olar ki, hər bir ofis işçisi iş həyatının hansısa mərhələsində bel ağrısından şikayətlənib.
Təhlil.az xəbər verir ki, bəziləri üçün bu, artıq davamlı bir problemə çevrilib. Neyroxirurq Stanislav Timonin ofis həyatında bel ağrısının yaranmasına səbəb olan dörd əsas faktoru açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, ilk səbəb uzun müddət hərəkətsiz oturmaqdır. Saatlarla masanın arxasında eyni vəziyyətdə qalmaq beldə xroniki ağrı yaradır. Hətta idman edən insanlar belə günboyu oturaq həyat tərzinin təsirindən tam qaça bilmirlər.
İkinci səbəb monitorun düzgün yerləşdirilməməsidir. Ekran aşağı olduqda baş öndə əyilir, çiyinlər düşür, beldə qövs yaranır. Bu isə həm boyun, həm çiyin, həm də bel nahiyəsində ağrıya yol açır. Həkim monitorun göz səviyyəsində və birbaşa qarşıda yerləşdirilməsini tövsiyə edir.
Timoninin qeyd etdiyi üçüncü səbəb ofis həyatının ümumi hərəkətsizliyidir. İnsan orqanizmi hərəkət üçün yaradılıb, lakin stul–lif–maşın–divan ritmi əzələlərin zəifləməsinə və bel ağrılarının artmasına səbəb olur.
Dördüncü səbəb isə yanlış oturma vərdişləridir. Uzun müddət əyilmiş vəziyyətdə oturmaq əzələlərdə balanssızlıq yaradır və ağrını davamlı edir. Timonin bu vəziyyəti “ofis epidemiyası” adlandırır.
Həkim bel ağrısı ilə mübarizə üçün monitor və stulun düzgün qurulmasını, gün ərzində müntəzəm fasilələrlə gəzişməyi, eləcə də hərəkət vərdişlərini gücləndirməyi tövsiyə edir.