Qarakənd faciəsindən 34 il ötür

Bu gün Qarakənd faciəsinin 34-cü ildönümüdür.
Təhlil.az xəbər verir ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın yüksək vəzifəli nümayəndələrinin olduğu “Mi-8” helikopteri erməni silahlı dəstələri tərəfindən vurulub. Bu dəhşətli hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı-dövlət xadimləri, jurnalistlər və Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Faciənin ilk günlərində hadisənin səbəbi kimi “dumana düşmə” versiyası irəli sürülsə də, qısa müddət sonra helikopterin qəsdən vurulduğu rəsmi şəkildə təsdiqləndi. Bu terror aktı Azərbaycanın dövlətçilik yolunda qarşılaşdığı ən ağır sınaqlardan biri kimi tarixə düşdü.
Bu faciədən 34 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir çox suallar hələ də cavabsız qalır. Helikopterin dəqiq marşrutunun düşmən tərəfindən necə izlənildiyi, təhlükəsizliyin niyə təmin edilmədiyi, araşdırmaların niyə illərlə dərinləşdirilmədiyi kimi qaranlıq məqamlar faciənin üzərində sirlərin hələ də dolaşdığını göstərir.
Qarakənd faciəsi Azərbaycan xalqının yaddaşında acı iz qoyan, müstəqillik yolunun necə ağır və qurbanlarla dolu olduğunu xatırladan tarixi hadisə olaraq qalır. Bu gün həlak olanların xatirəsi ehtiramla anılır.