Bu gün Ağdam Şəhəri Günüdür

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Təhlil.az xəbər verir ki, bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb.
Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.
Nəhayət, Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
İşğaldan azad edildikdən sonra Ağdam şəhəri Azərbaycan dövlətinin ən genişmiqyaslı urbanizasiya və yenidənqurma layihələrinin mərkəzinə çevrilib. Şəhər tamamilə yenidən qurulur, “ağıllı şəhər” konsepsiyası tətbiq olunur, geniş yollar, parklar, sənaye zonaları, sosial obyektlər və yaşayış məhəllələri inşa edilir.
Prezident İlham Əliyevin Ağdama səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirakı bu şəhərə verilən strateji əhəmiyyəti bir daha göstərir. Son illərdə Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb, Ağdam Konqres Mərkəzi, Ağdam Çörək Muzeyi, İmarət Kompleksi bərpa edilir, Şəhərin Baş Planı təsdiqlənib və icrası sürətlə davam etdirilir, minatəmizləmə işləri genişlənib, yeni məktəblər, xəstəxanalar və yaşayış massivləri tikilir.
Ağdam təkcə Qarabağın yox, bütün Azərbaycanın tarixi-mədəni yaddaşıdır. Muğamın paytaxtı sayılan bu şəhər Üzeyir Hacıbəyli ənənələrinin yaşadığı, Qarabağ musiqisinin zəngulə kimi səsləndiyi mədəniyyət mərkəzi olub.
Uzun illər “Qara şəhər”, “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün yenidən dirçəlir. Azərbaycan xalqı üçün Ağdamın azadlığı və bərpası yalnız şəhərin deyil, ədalətin, tarixi həqiqətin və milli qürurun bərpasıdır.