Qazaxıstanlı ekspert: "Bakının iştirakı regionun çəkisini artırır” - AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul edilməsi region əməkdaşlığında yeni mərhələ açır.
Bu barədə təhlil.az saytına “A+Analytics” Araşdırma Mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın bu formata qoşulması Cənubi Qafqaz və Mərkəzi Asiyanı artıq ayrı coğrafiyalar kimi deyil, vahid geosiyasi məkan kimi qiymətləndirməyə imkan verir.
“Azərbaycanın tamhüquqlu iştirakı göstərdi ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq bir-birindən ayrılmaz şəkildə nəzərdən keçirilməlidir. Bu, regional əməkdaşlıq modelində strateji dəyişiklikdir. Xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev vaxtilə Donald Trampın Mərkəzi Asiya liderləri ilə Vaşinqton görüşünə də dəvət olunmuşdu”.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Qazaxıstana son səfəri zamanı Bakı ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb:
“Bundan sonra ölkələrimiz qarşılıqlı faydalı qərarlar verəcək və ümumi maraqlara uyğun olaraq əməkdaşlıq səviyyəsini yüksəldəcəklər. Azərbaycan və Mərkəzi Asiya dövlətləri çoxşaxəli xarici siyasət yürüdürlər. Bu, bizi eyni formulanın iştirakçılarına çevirir və bu formula yeni məzmunla doldurulur”.
O qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də strateji platforma səviyyəsinə yüksəlir:
“Azərbaycan bu prosesə artıq tək bir Cənubi Qafqaz dövləti kimi deyil, Mərkəzi Asiya ilə birlikdə daxil olur. Bu isə "Mərkəzi Asiya + Azərbaycan" formatının formalaşması deməkdir. Nəticədə regionun geosiyasi və geoiqtisadi çəkisi artır, oyunun qaydaları isə tamamilə yeni müstəviyə keçir”.
F. Kasenovun fikrincə, bu proses region üçün həm siyasi, həm də iqtisadi baxımdan ciddi üstünlüklər yaradacaq və yeni strateji əməkdaşlıq xəritəsinin formalaşmasına zəmin olacaq.