Çinə qarşı yeni blok: Avstraliya–Filippin ittifaqının strateji hədəfləri - ŞƏRH

Asiya–Sakit Okean regionunda geosiyasi dinamika yeni mərhələyə qədəm qoyur. Son aylarda Avstraliya ilə Filippin arasında müşahidə olunan yaxınlaşma və hərbi əməkdaşlıq planları regionda Çinə qarşı formalaşan yeni güc balansının əsas göstəricilərindən biri hesab olunur.
Avqust ayında iki ölkə arasında mümkün hərbi razılaşma barədə yayılan xəbərlər, əslində, çoxdan bəri hazırlanan geosiyasi layihənin təzahürüdür. Çinin Cənubi Çin dənizindəki aktiv fəaliyyəti, xüsusilə də Pekinin ada və süni arxipelaqlarda hərbi obyektlər tikməsi həm Kanberra, həm də Manila üçün təhlükə siqnalına çevrilib.
Yeni sazişin əsas ideyası sadə, amma strateji baxımdan önəmlidir: Avstraliya hərbi personalına Filippin bazalarına giriş imkanı, eyni zamanda Filippin hərbçilərinə Avstraliya obyektlərindən istifadə hüququ verilir. Görünən tərəf sadəcə qarşılıqlı əməkdaşlıq formatıdır, amma mahiyyətcə bu, Çinin regional təsirini balanslaşdırmaq üçün atılan “önləyici müdafiə addımı” kimi dəyərləndirilir.
Əslində, Avstraliya və Filippin münasibətləri bundan əvvəl də hərbi çalar daşıyırdı. 2007-ci ildə qüvvələrin statusu haqqında saziş imzalanmışdı ki, bu da Avstraliya əsgərlərinin Filippindəki hüquqi statusunu tənzimləyirdi. Lakin indi gündəmdə olan yeni razılaşma əvvəlkindən fərqli xarakter daşıyır. O, təkcə hüquqi deyil, həm də müdafiə infrastrukturu və strateji mövqelərin qurulması ilə bağlıdır.
Məlumatlara görə, yeni sənəd Filippin ərazisində beş məxfi məkanda səkkiz yeni obyektin inşasını nəzərdə tutur. Rəsmi açıqlamalarda “infrastrukturun inkişafı” ifadəsi işlədilsə də, ekspertlər bunun sadəcə texniki layihə olmadığını bildirirlər. Bəzi beynəlxalq beyin mərkəzləri bu addımı Avstraliya hərbi texnikasının Filippin bazalarına yerləşdirilməsi üçün hazırlıq mərhələsi kimi qiymətləndirir.
Beləliklə, Kanberra ABŞ-nin bölgədəki hərbi strategiyasına paralel şəkildə öz mövqeyini möhkəmləndirməyə çalışır. Artıq açıq görünür ki, Avstraliya ABŞ-nin regiondakı başlıca müttəfiqi olmaqla kifayətlənmir, Çinin artan nüfuzuna qarşı müstəqil hərbi-siyasi mərkəz formalaşdırmaq niyyətindədir.
Bu proses təkcə Avstraliya–Filippin münasibətlərinin nəticəsi deyil. O, Çinin qarşısını almaq məqsədi daşıyan geniş “təzyiq halqasının” tərkib hissəsidir. ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın daxil olduğu QUAD alyansının yanında indi Filippin kimi regional tərəfdaşların da aktiv rolu artır.
Bütün bunlar Asiya–Sakit Okean regionunu yeni mərhələyə gətirir. Burada artıq ticarət deyil, geosiyasi təhlükəsizlik və hərbi balans həlledici faktor rolunu oynayır.
Nəticə etibarilə, Avstraliya və Filippin arasındakı saziş Çinə qarşı yeni blokun rəsmi başlanğıcı olmasa da, onun praktik əsasını formalaşdırır. Bu addım, həm regionda, həm də qlobal miqyasda mübarizənin yeni cəbhəsini açır.
Hikmət Həsənov