Londondan sərt xəbərdarlıq: qanunsuz miqrantlar üçün sıfır tolerantlıq dövrü başlayır - ŞƏRH

Böyük Britaniyada miqrasiya problemi illərdir siyasi debatların mərkəzindədir və yeni hakimiyyət bu məsələdə daha sərt kurs götürməyə hazırlaşır. Daxili İşlər naziri Şabana Mahmud “Danimarka modeli” adlanan və Avropanın ən sərt miqrasiya çərçivələrindən biri sayılan genişmiqyaslı islahat paketi üzərində işləyir. Məqsəd həm qanunsuz miqrasiyanın qarşısını almaq, həm də ölkədə yaşamaq istəyənlər üçün daha ciddi tələblər müəyyən etməkdir.
Yeni model ilk növbədə daimi yaşayış üçün qaydaları xeyli çətinləşdirir. Mövcud 5 illik tələb 10 ilə qədər artırılır, əlavə olaraq, miqrant yüksək səviyyədə ingilis dili bilməli, işlə təmin olunmalı, cinayət qeydinin olmaması və könüllü fəaliyyətlərdə iştirak kimi şərtlərə də cavab verməlidir. Bu yanaşma ailə birləşmələrinə də ciddi təsir edəcək: nikah yaşı 18-dən 24-ə qaldırılır, mənzil və məşğulluq tələbləri artırılır, dil biliyi meyarı isə daha ciddi şəkildə tətbiq olunacaq.
Sərt xətt qanunsuz miqrasiyaya vasitəçilik edənlərə və qaydaları pozanlara qarşı daha ağır cəzaları da nəzərdə tutur. Deportasiya prosesinin sürətləndirilməsi üçün polis və miqrasiya xidmətlərinin səlahiyyətləri genişləndirilir, elektron nəzarət sistemlərinin tətbiqi genişləndirilir. Gözləntilərə görə, sərhəd nəzarəti və daxili yoxlamalar da daha sərt olacaq.
Bu islahat Paketi Leyboristlər Partiyasının daxilində ciddi mübahisələr yaradıb. Sərt yanaşmanı dəstəkləyənlər bunun ölkənin təhlükəsizliyi və sosial yükün azaldılması üçün vacib olduğunu bildirirlər. Əleyhdarlar isə tədbirlərin humanitar prinsipləri zədələyə biləcəyindən və partiyanın sol elektoratını narazı salacağından ehtiyat edirlər.
Hökumətin planlaşdırdığı bu dəyişikliklər Britaniyanın miqrasiya siyasətində yeni və daha sərt mərhələnin başlandığını göstərir. Yeni islahatlar qəbul olunarsa, ölkədə yaşamaq və ailə birləşməsi üçün tələb olunan meyarlar indiyə qədər görünməmiş dərəcədə çətinləşəcək.
Hikmət Həsənov