Kiyevdəki Azərbaycan səfirliyinə raket zərbəsi - FOTOLAR

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Təhlil.az AZƏRTAC-a istinadla xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib.
Səfirliyin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
Qeyd edilib ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin bu dəfəki zərər miqyasına görə, daha böyük və ciddi olub.
Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.
Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketdən istifadə edilib, həmçinin 400-dən artıq zərbə dronu atılıb.