Paşinyan–Sarkisyan qarşıdurması dərinləşir: Gizli sənədlər üzə çıxır - TƏHLİL

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlar sənədlərini ilin sonuna qədər dərc etmək niyyəti Cənubi Qafqazda yeni siyasi dinamikanın başlanğıcı ola bilər. Paşinyan bu addımın səbəbini ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu qurumun buraxılması prosesi başa çatdıqdan sonra “sənədlərin dərcinə mane olan mənəvi və siyasi baryer aradan qalxır”. Bu bəyanat təkcə Ermənistan daxilində siyasi polemikanı artırmır, həm də regionda yeni geosiyasi mesajlar doğurur. Mövcud vəziyyət göstərir ki, İrəvan daxilində Paşinyan–Sarkisyan qarşıdurması daha da dərinləşir.
Paşinyan bildirib ki, Minsk qrupunun buraxılması ilə 1994–2020-ci illəri əhatə edən bütün danışıqlar paketi artıq funksional dəyərini itirib. Bu fikrin bir neçə mühüm tərəfi var. Birincisi, Qarabağ münaqişəsi artıq bitib. 2020-ci il müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra Ermənistan Qarabağ məsələsini beynəlxalq gündəmdən geri çəkib. İkincisi, Paşinyan hökuməti Qərbə inteqrasiya xəttini gücləndirir və köhnə danışıqlar sənədlərini açıqlamaqla həm Rusiyaya, həm də keçmiş hakimiyyətə siyasi mesaj göndərir. İndi maraq doğuran əsas sual budur: köhnə sənədlərdə hansı nüanslar yer alır ki, Paşinyan onları keçmiş hakimiyyətə qarşı arqument kimi istifadə etməyə hazırlaşır?
Paşinyanın dediyi “danışıqlar sənədləri” əsasən 2016–2019-cu illərə aid paketdir. Buraya Madrid prinsiplərinin yenilənmiş variantları, Kazan sənədi və onun dəyişdirilmiş formaları, 2019-cu ildə Minsk qrupunun təklif etdiyi yeni çərçivə sənədi, Qarabağın hüquqi statusuna dair əvvəlki hakimiyyətin təklifləri, torpaqların mərhələli qaytarılması mexanizmləri, təhlükəsizlik zonası və keçid dövrü modelləri daxildir. Bu sənədlərin açıqlanması Ermənistan cəmiyyətində ciddi siyasi şok effekti yarada bilər. Çünki həmin paketlərin əksəriyyəti Ermənistan üçün müxtəlif güzəştlər nəzərdə tuturdu və ictimaiyyət bu güzəştlərin real miqyasından heç vaxt tam xəbərdar olmayıb.
Paşinyanın “Serj Sarkisyanın başqa dövlət başçısına göndərdiyi məktubun da dərc ediləcəyi” barədə fikri təsadüfi deyil. Bu, Paşinyanın keçmiş hakimiyyəti gizli diplomatik yazışmalar üzrə ittiham etməyə hazırlaşdığını göstərir. Məqsəd təkcə Sarkisyana qarşı siyasi hücum deyil, həm də Ermənistanın 20 illik Qarabağ strategiyasının faktiki uğursuzluğunu nümayiş etdirməkdir. Eyni zamanda Paşinyan özünü “şəffaf lider” kimi təqdim etməyə çalışır.
Bəs nə üçün məhz indi? Bu sualın cavabı Ermənistan daxilində Qərb–Rusiya qarşıdurmasının dərinləşməsindədir. Paşinyan hakimiyyəti Qərbə yaxınlaşdıqca, keçmiş Rusiya yönlü siyasi elita ilə qarşıdurma daha da sərtləşir. Qarabağ mövzusu artıq Ermənistan siyasətində tabu deyil, buna görə Paşinyan daha sərbəst çıxış edir. Sarkisyan isə bu sərbəstlikdən istifadə edərək 2019-cu ildə Minsk qrupunun yeni sənəd təklif etdiyini bildirir. O qeyd edir ki, sənədi əvvəlcə “qəbuledilməz” hesab etsə də, sonradan “danışıqlar üçün əsas ola bilərdi” fikrinə gəlib. Sarkisyan bu mövqeyilə Paşinyanı danışıqlar prosesini pozmaqda günahlandırır və “biz baza yaratmışdıq, o davam etdirmədi” mesajı verir.
Paşinyan isə bütün sənədləri dərc edəcəyini bəyan edir. Bu addım Ermənistan cəmiyyətində ciddi reaksiyalara səbəb ola bilər. İlk növbədə, keçmiş hakimiyyətin gizli diplomatiyası ifşa ediləcək və danışıqların real məzmunu ilk dəfə geniş auditoriyaya təqdim olunacaq. Bununla yanaşı, Qarabağla bağlı illərlə formalaşdırılmış, yanlış təsəvvürlərə əsaslanan ideoloji çərçivə çökməyə başlayacaq. Bu isə Paşinyan–Sarkisyan qarşıdurmasını daha da kəskinləşdirəcək.
MTM Analitik Qrupu